Bazar günü Ermənistanın Ararat rayonunda konyak zavodunun anbarında yanğın baş verib. Məlumata görə, alov eyniadlı kənddə yerləşən “Avşar” şərab və konyak zavodunun anbarını bürüyüb.
Əvvəllər bu binada mebel emalatxanası yerləşib. Hazır konyak olan qablar istidən xarab olub. Erməni mətbuatı xəbər verir ki, yerli sakinlər dəyən ziyanı 125 min dollar həcmində qiymətləndiriblər.
Ermənistan Daxili İşlər Nazirliyi də şərh verib. İdarədən bildirilib ki, fevralın 9-da səhər saatlarında onlara zavodda zibilin yanması barədə məlumat daxil olub. Hadisə yerində yanğının əvvəllər taxıl anbarı kimi istifadə edilən tikiliyə yayıldığı müəyyən edilib. Yanğın damın taxta konstruksiyalarını və taxta altlıqlarını yandırıb. Bundan başqa, şüşə qablar da zədələnib.
Zavodun sahibi Ermənistan Milli Assambleyasının keçmiş deputatı Arayik Qriqoryandır.
//Samir Qurbanov, Editor.az