AZ

Danilo Della Valle: Brüsselin tərəfdaşlarla münasibətləri bərabərlik prinsipinə əsaslanmalıdır

Tbilisi, 12 fevral, AZƏRTAC

Brüsselin tərəfdaşlarla münasibətləri bərabərlik prinsipinə əsaslanmalıdır. Yeni üzvlərin qəbulu məsələsi çəkişmə şəraitində deyil, dostluq formatında həll olunmalıdır. Tərəfdaşla münasibətlərə bizdən üstün olduğumuz kimi deyil, bərabər münasibət göstərilməlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Parlamentinin deputatı Danilo Della Valle gürcü mətbuatına müsahibəsində deyib.

O, Gürcüstanda keçirilən seçkilərdən və Avropa Birliyinin münasibətindən danışarkən deyib ki, ATƏT bu seçkiləri ədalətli kimi tanıyıb.

“Mənim Gürcüstan məsələsində dəyişməz mövqeyim var. Son aylarda Gürcüstan vətəndaşları hesab edirdilər ki, Gürcüstan seçkiləri Brüssel üçün əsas prioritetdir, çünki biz bu məsələni Avropa Parlamentində dəfələrlə müzakirə etmişik. Qətnamələrə də səs verdik. Yeni tərəfdaşların qəbulu və Avropa İttifaqına qoşulması Avropa İttifaqı üçün açıq-aydın vacibdir. Lakin, Gürcüstanın daxili məsələlərinin Avropa Parlamentində 5 dəfə müzakirə olunmasını ağlabatan hesab etmirəm. Guya Avropa Parlamenti deputatları seçkiləri müşahidə edir. ATƏT Gürcüstanda keçirilən seçkiləri ədalətli saydı, ona görə də bu müzakirələrin arxasında əsl məqsəd nə olduğunu anlamıram” – deyə, Della Valle vurğulayıb.

O deyib: “Hesab edirəm ki, Gürcüstana, yəni yeni tərəfdaşımıza fərqli yanaşmamız lazımdır. Hesab edirəm ki, Avropa İttifaqının ümumi xarici siyasəti yoxdur və bu, problemdir.

Della Valle bildirib ki, yeni üzvlərin qəbulu məsələsi çəkişmə şəraitində deyil, dostluq formatında aparılmalıdır. Brüsselin favoriti olmayan partiya seçkidə qalib gələndə seçkinin nəticələri sual altında qalır. Bu, Gürcüstana, Rumıniyaya da aiddir və gələcəkdə digər üzv dövlətlərə də təsir edə bilər. Heç kimin başqa dövlətlərə sivilizasiya sertifikatı vermək hüququ olmamalıdır.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
24
azertag.az

1Mənbələr