Ermənistan yenə də Azərbaycan tərəfə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi ilə bağlı məlumat verməkdən boyun qaçırır
Xəbər verildiyi kimi, bir neçə gün öncə Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Ermənistanın Əsir düşmüş, saxlanılmış və itkin (yeri məlum olmayan) şəxslər üzrə idarələrarası komissiyasının nümayəndələri arasında görüş keçirilib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Bildirilib ki, görüşdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair fikir mübadiləsi aparılıb və komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılıq əldə olunub. Burada yalnız komissiyalar arasında ikitərəfli əsasda müzakirələrin davam etdirilməsi barədə razılığa gəlinib, Ermənistan yenə də Azərbaycan tərəfə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın taleyi ilə bağlı heç bir məlumat verməyib. Yeri gəlmişkən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.08.2024-cü il tarixinə olan məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3 min 968 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb, onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə məlumat verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır.
Bu sahədə ən ciddi və təkzibedilməz fakt isə 1998 və 2001-ci illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dövlət Komissiyasına təqdim etdiyi məktublarda adları qeyd edilən 54 azərbaycanlı ilə bağlıdır. Həmin materiallara əsasən, intensiv hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək Ermənistanda və bu ölkə tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının Qarabağ ərazisindəki saxlanma yerlərində saxlanılan 54 Azərbaycan vətəndaşına BQXK nümayəndələri baş çəkərək onları rəsmi qeydiyyata almışlar. Lakin sonradan həmin 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılmış, 4 nəfərin sonrakı taleyi barədə məlumat verilməmiş, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri təhvil verilməmişdir. Müharibə qurbanlarının, xüsusən də əsir-girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın taleyi ilə bağlı məsələlər hər zaman Ulu Öndər Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin daim diqqət mərkəzində olmuşdur. Vətən müharibəsindən sonra Prezident İlham Əliyev bütün aidiyyəti platformalarda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslər problemini qaldırmışdır. 2021-ci ilin sentyabr ayında keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış edən Prezident İlham Əliyev bu məsələni diqqətə çatdıraraq demişdir: “Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.
Vətən müharibəsi və antiterror tədbirlərindən sonra erməni işğalından azad edilmiş ərazilərdə məzar yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılması ilə itkin vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının qarşısında qoyduğu ən ümdə vəzifədir. Bu məqsədlə həmin ərazilərdə intensiv şəkildə axtarış proseslərinə başlanılmış və tapılmış kütləvi məzarlıqlardan 2021-ci ilin fevral ayından etibarən insan qalıqlarının ekshumasiyasına başlanılmışdır. Qeyd etmək yerinə düşər ki, hazırkı dövrədək erməni işğalından azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanmış və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilmişdir. Həmin meyit qalıqlarının eyniləşdirilməsi prosesində onlardan 59 nəfərinin Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu müəyyənləşdirilmişdir. Bununla yanaşı, Ermənistanın işğalından azad edilmiş ərazilərdə aparılmış genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilmiş digər təxirəsalınmaz tədbirlər nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilmişdir. Bu istiqamət üzrə 16 nəfər itkin-şəhidin şəxsiyyəti eyniləşdirilmişdir. Eyni zamanda, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 185 nəfərə aid meyit qalığı ekshumasiya edilmişdir. Naməlum məzarlıqlar üzrə 74 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilmişdir. Bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülmüşdür. Meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 149 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmışdır.
Bundan başqa, aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarışlar nəticəsində cari ilin iyul ayının 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində tapılmış meyit qalıqlarının ekspertizası nəticəsində onların 3 mart 2022-ci ildə hava şəraitinin qəfil dəyişməsi səbəbindən istiqaməti itirərək itkin düşmüş Azərbaycan Ordusunun iki əsgərinə aid olduğu müəyyən edilmişdir. Bununla da meyit qalıqları eyniləşdirilmiş itkin şəxslərin sayı 151 olmuşdur. Qazıntılar zamanı aşkarlanmış meyit qalıqlarının ilkin tədqiqi zamanı insanların dini ayinlərə riayət olunmadan, xaotik halda basdırılması, sümüklərin üzərində küt, iti və kəsici alətlərlə yetirilmiş xəsarətlər, güllə izləri, əsgər çəkmələri və digər artefaktların aşkarlanması, o cümlədən antropoloji müayinələr bu şəxslərin Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu deməyə əsas verir.
Sevinc Azadi, “İki sahil”