AZ

BİZİM TƏQVİM: 12 fevral tarixində baş vermiş mühüm hadisələr

1988-ci ilin 12 fevralından Xankəndində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana birləşdirilməsini tələb edən mitinqlər başlandı. Azərbaycanın o vaxtkı rəhbərliyi hadisələri ciddi qəbul etməyərək rəsmi Moskvanın müdaxiləsini, qayda-qanun yaradacağını gözlədi. Bu fəaliyyətsizlik nəticəsində Dağlıq Qarabağ erməni silahlılarının təxribat yuvasına çevrildi.

Bəs, fevralın 12-də dünyada daha hansı hadisələr baş verib?

1. 1733-cü ilin bu günü ingilis dəniz zabiti və siyasətçisi Edvard Oqltorp Şimali Amerikanın cənub-şərq sahillərində Sabanna liman məskəninin bünövrəsini qoyub. Bu ərazi indiki Corciya ştatının ilk tarixi yaşayış məntəqəsidir. Britaniya parlamentində “İmkansız borclular haqqında qanun”la bağlı işlərə məsul Oqltorp bu cür adamların Amerikaraya sürgün edilməsi üçün kral III Corc (Georde) müraciət edib və onun razılığını alıb. Sonralar bu ştat o kralın şərəfinə Corciya adlandırılıb.

2. 12 fevral 1818-ci ildə müstəqilliyini əldə edən Çilinin respublika bayramı günüdür. Azadlıq uğrunda mübarizə aparan Cənubi Amerika vətənpərvərləri 1817-ci ildə Çakabuko adlanan ərazidə İspaniyanın müstəmləkə qoşunlarını darmadağın ediblər. Yaranan Çili respublikasının rəhbəri milli qəhrəman Bernardo O Hiqqins olub.    

3. 1912-ci ilin 12 fevralında kiçik yaşlı Çin imperatoru Pu Yi taxtdan endirildi. Beləliklə, 2 min illik Çin İmperatorluğu və 267 hakimiyyətdə olan Mancur sülaləsinə son qoyuldu. Əmisinin ölümündən sonra üç yaşında hakimiyyətə gətirilən, 1911-ci il Çin İnqilabından sonra taxtdan endirilən Pu Yi 1924-cü ildə gizlicə Pekindən çıxaraq Tyantsin (Tianjin) Yaponiya koloniyasına sığınır. Yaponlar onu 1932-ci ilin 9 martında dövlət başçısı elan edir və 2 il sonra (1934) Qanqde adı ilə Mansokyoya, yəni Böyük Mançjuriya İmparatorluğuna gətirirlər.II Dünya Müharibəsinin sonunda (1945-ci ilin avqustu) ruslara əsir düşən Pu Yi (Qanqde) 1950-ci ildə müharibə günahkarı olaraq cəzalandırılmaq üçün Çinə təhvil verilir. 1959-cu ildə bağışlandıqdan sonra Pekində bir nəbatat bağının maşın təmir emalatxanasında çalışır.  Rejissor Bernardo Bertolucci bütün dünyada məşhur olan “Son imperator” (The Last Emperor) kinofilmini məhz Puyinin həyatından götürərək ekranlaşdırıb. Film 1988-ci ildə “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və digər nominasiyalar üzrə 9 Oskar mükafatı qazanıb.

4. 12 fevral 1914-cü ildə Türkiyədə təyyarə ilə ilk aviapoçt əməliyyatı həyata keçirildi. Pilot, yüzbaşı İsmayıl Hakkı bəyin sürdüyü təyyarə ilk poçtu Lefke və Biləcik arasında daşıdı. Normal poçt rüsumlarından daha bahalı olan bu hava poçtu markalarında təyyarə, dirijabl, şar balonu və quş kimi şəkillərin istifadə edilməsi sonralar marka müxtəlifliyi və koleksiyaçılığa səbəb oldu.

5. 2002-ci ilin 12 fevralında BMT Müharibə Cinayətləri Məhkəməsində Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloşeviçin məhkəməsi başlandı. Bosniya müharibəsində törədilən qırğın və vəhşiliklərə cavabdeh olan Miloşeviçin 66 ayrı-ayrı cinayətlə əlaqədar həbsinə qərar verilsə də, məhkəmə prosesi başa çatan kimi o öldü. Qeyd edək ki, Yuqoslaviyanın keçmiş prezidenti 2001-ci ilin 1 aprelində tutulmuş və Belqrad zindanına göndərilmişdi.

12 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Amerikanın görkəmli dövlət xadimi, Respublikaçılar Partiyasının qurucularından biri Abraam Linkoln 1809-cu ilin bu günü dünyaya gəlib. 1860-cı ildə həmin partiyadan Amerika Birləşmiş Ştatlarının prezidenti seçilən Linkoln 4 ildən sonra 2-ci dəfə də prezident seçkilərində qalib gəlib. Onun prezidentliyi dövründə 1863-cü ildə Amerikada köləliyin qəti ləğvi barədə qanun qəbul edilib. 1865-ci ildə quldarların casusu olan aktyor Buts Linkolnu ölümcül yaraladı. Bundan 2 gün sonra Linkoln vəfat etdi. (1809-1865)

2. 1911-ci ilin bu günü Azərbaycanın məhşur tarzəni Bəhram Mənsurov dünyaya gəlib. O, Cabbar Qaryağdıoğlu, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva kimi tanınmış xanəndələri tarda müşayət edib. 1932-ci ildən Opera və Balet Teatrının solisti və konsertmeystri olan Bəhram Mansurovun ifasında Bayatı-Şiraz, Humayun, Nəva-Nişapur, Şur, Mahur-Hindi, Bayatı-Kürd və Çahargah muğamları ilk dəfə olaraq UNESCO xətti ilə qrammafon valına yazılıb. (1911-1985)

3. Bu gün Azərbaycanın görkəmli hərbi xadimi, general-leytenant Səməd bəy Mehmandarovun xatirə günüdür. O, 1931-ci il fevralın 12-də 74 yaşında dünyasını dəyişib. (1857-ci ildə anadan olub.) Səməd bəy Rusiya-Yaponiya müharibəsi zamanı VII Sibir Artilleriya Diviziyasının komandiri olub. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə ona “Qızıl qılınc” təqdim olunub. Mehmandarov çar Rusiyasının “Stanislav”, “Vladimir” və “Georgi” ordenlərinin bütün dərəcələrini, eləcə də, İngiltərə, Fransa və Rumıniyanın yüksək orden və medalları ilə də təltif edilib.  Azərbaycan Demokratik Respublikasının hərbi naziri işlədiyi dövrdə Səməd bəy Mehmandarovun milli ordu quruculuğu və hərbi kadrların hazırlanmasında xidmətləri əvəzsiz olub. (1857-1931)

4. Türkiyədə Sərvəti-Fünün dövrü şair və yazıçılarından olan Cenap Şahabettin beyninə qan sızmasından 1934-cü ilin 12 fevralında dünyasını dəyişdi. Yaxşı təhsil almış Cenap Şahabettinin ilk şeiri 1885-ci ildə “Saat” qəzetində dərc edilib. O, Osmanlı dövründə 1860-cı ildən bəri davam edən Şərq-Qərb mübarizəsi və Qərb ədəbiyyatı - Sərvəti-Fünün dövrünün ən önəmli yazıçılarından biri idi. İnnovativ şeirləri ilə dövrünün ən çox tənqid edilən şairi olan Cenap Şahabettin, eyni zamanda, dram əsərləri, səyahət və araşdırma yazıları ilə də tanınıb. 

5. 12 fevral 1923-cü ildə şair-dramaturq, tərcüməçi, Əməkdar İncəsənət Xadimi İslam Səfərli anadan olub (1923-1974). Müharibə mövzusunda qələmə aldığı poemaları o dövrdə maraqla qarşılanıb. O, dramaturq kimi də böyük uğurlar qazanıb. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" əsərləri əsasında hazırlanan tamaşalar buna misaldır. Şairin sözlərinə "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı" və digər onlarla populyar mahnılar bəstələnib.

6. 12 fevral 1964-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli anadan olub. O Birinci Qarabağ Müharibəsində 31 yanvar 1992-ci ildə şəhidlik zirvəsinə yüksəlib. Xatırladaq ki, Təbriz Xəlilbəyli Azərbaycanın xalq şairi Xəlil Rzanın oğludur.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
12
bizim.media

1Mənbələr