AZ

Uşaqlarda özgüvən formalaşdırmağın ÜSULLARI - PSİXOLOQ

“Özgüvəni yüksək olan uşaqlar daha fəal, çəkinmədən düşüncələrini ifadə edən, sosial və akademik sahədə daha bacarıqlı olurlar”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Aydan Məmmədova söyləyib.

 

Psixoloq qeyd edib ki, uşaqların özgüvəni valideyn dəstəyi, sevgi və anlayış hissi ilə formalaşır:

 

“Təsəvvür edin ki, bir uşaq məktəbdə suallara cavab verməkdən çəkinir, çünki evdə səhv etdikdə daim tənqid olunur. Zamanla bu uşaq öz fikirlərini ifadə etməkdən qorxan, hər addımında təsdiq gözləyən birinə çevrilir. Lakin valideynləri onun fikirlərini dinləməyə, səhvlərini konstruktiv şəkildə müzakirə etməyə başladıqda, o, özünə inam qazanmağa başlayır.

 

Başqa bir nümunəyə baxaq: bir uşaq rəsm çəkməyi çox sevir, lakin valideynləri onun bu marağını ciddi qəbul etmir və “Bu sənət deyil, ciddi bir işlə məşğul ol” deyirlər. Nəticədə, uşaq bacarıqlı olduğu sahədən uzaqlaşır və özünü ifadə etməkdə çətinlik çəkir. Halbuki, valideynləri onun maraqlarını dəstəkləsəydi, o, daha güvənli bir fərd ola bilərdi".

 

Psixoloq valideynlərə bir sıra tövsiyələr verib:

 

“İlk növbədə onlara dəstək olun. Uşaqların böyüklərə ehtiyacı olsa da, onların müəyyən müstəqillik qazanması vacibdir. Onlara dəstək olmaqla yanaşı, problemlərini öz həll yollarını tapmaları üçün imkan vermək lazımdır.

Daha sonra isə səhv etmələrinə icazə verin. Uşaqların səhv etməsi təbii bir haldır və bu, öyrənmə prosesinin bir hissəsidir. Onları səhv etdikdə tənqid etmək yerinə, dərslər çıxarmaqlarına yardımcı olun.

Sözlərinizə və davranışlarınıza diqqət edin. Valideynlərin uşaqlara qarşı söylədikləri sözlər və onlara olan yanaşması uşaqların özgüvən dərəcəsinə birbaşa təsir edir. Məsələn, “Sən bacara bilməzsən”, kimi ifadələr uşaqları məhdudlaşdırır.

Eyni zamanda fikir və hisslərinə hörmət göstərin. Uşaqların düşüncələrini və hisslərini dəyərli hesab etdiyinizi onlara hiss etdirmək, özgüvənlərini artırır.

Realistik gözləntilər qoyun. Uşaqlardan həddindən artıq yüksək performans tələb etmək onlarda qorxu və narahatlıq yarada bilər. Onların bacarıqlarına uyğun tələblər qoymaq, hər addımlarında kiçik nailiyyətlərini təqdir etmək vacibdir.

Daha sonra isə onlara özlərini ifadə etmək üçün şərait yaradın. Uşaqların öz fikirlərini rahat ifadə edə bilməsi üçün onlara imkan yaradın. Söhbətlərdə onların fikirlərini dinləmək, onları müzakirələrə cəlb etmək özgüvənlərini gücləndirəcək.

Həmçinin, maraq və bacarıqlarını dəstəkləyin. Hər bir uşağın fərqli maraq dairəsi var. Onların sevdiyi sahələrdə inkişaf etməsinə imkan yaratmaq, uğurlarını qeyd etmək və onları təşviq etmək çox önəmlidir.

Nəticə olaraq, uşaqların özgüvəni valideyn dəstəyi, sevgi və anlayış hissi ilə formalaşır. Valideynlər olaraq, onların dünyaya özgüvənli və böyük addımlar atan şəxsiyyət olmalarına kömək etmək bizim əsas missiyamızdır".

Seçilən
6
azedu.az

1Mənbələr