AZ

Yeni beton zavodları yaradılır

Paytaxtın Balaxanı qəsəbəsində təməli qoyulmuş beton zavodları tikinti sektorunun inkişafına əhəmiyyətli töhfələr verəcək. “Norm” Açıq Səhmdar Cəmiyyətinə məxsus 2 yeni beton zavodu bu ilin aprel ayından istehsala başlayacaq.

Hər birinin istehsal gücü saatda 120 kubmetr beton təşkil edən yeni zavodlar müasir texnika və avadanlıqla təchiz edilib. Burada ən son texnologiyalarla əmtəə betonunun istehsalı nəzərdə tutulur. Yaxın vaxtlarda isə şirkət tərəfindən Qarabağ bölgəsində üçüncü beton zavodunun inşası həyata keçiriləcək. Bu zavodda da saatda 120 kubmetr beton istehsal olunacaq. Müəssisələrdə 80-ə yaxın işçi fəaliyyət göstərəcək. Beton zavodlarının işə düşməsi tikinti şirkətlərinə bir çox mühüm dövlət satınalmaları vasitəsilə həyata keçirilən, eləcə də özəl inşaat layihələrində betona tələbatın vaxtında və səmərəli qarşılanması üçün sabit təchizat imkanı təqdim edəcək.

“Norm”un yeni zavodlarında betonun təkrar edilməsi üçün də xüsusi avadanlıq quraşdırılacaq. Bu avadanlıq vasitəsilə istehsal prosesində, betondaşıyan maşınların yuyulması zamanı, eləcə də tikinti sahəsində artıq qalan betonu xüsusi mexanizmlə təkrar emal etmək və tərkibindəki komponentləri beton istehsalında yenidən istifadə etmək mümkün olacaq. Bu da, öz növbəsində, resursların səmərəli istifadə olunmasına və ətraf mühitə təsirin minimuma endirilməsinə şərait yaradacaq.

Sənaye sahəsində ölkənin böyük istehsal sahəsi sayılan “Norm” bazara daxil olduğu vaxtdan etibarən özünün kommersiya strategiyasına əsasən tikinti sektorunda yeni biznes subyektlərinin yaradılması, inkişaf etdirilməsi və inşaat sənayesi üçün təhlükəsiz materialların istehsalını hədəfləyib. Yüksək standartlarla sement istehsalından sonra eyni yanaşma ilə əmtəə betonu istehsalında da fəaliyyətə başlaması şirkətə inşaat işlərinin keyfiyyətinə nəzarət etmək imkanı yaradacaq.

Xatırladaq ki, “Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Seçilən
6
13
xalqqazeti.az

10Mənbələr