AZ

“Vaşinqton post”un Vardanyan təəssübkeşliyi

Nəşr dələduz Rubenin xatirinə xristian–müsəlman qarşıdurmasını körükləyir

Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp ötən il noyabrın 1-də dövlət başçısı postuna namizəd kimi Böyük Kilikiya evinin katolikosu I Arama zəng vurmuş, Qarabağ ermənilərinə dəstəyini ifadə edərək, onların təhlükəsizlik zəmanəti ilə geri qayıtmaq hüquqlarından söz açmışdı. Aydındır ki, ABŞ Prezidentliyinə namizədlərin ermənilərə hansısa formada simpatiya aşılayan tezisləri və ya vədləri bir növ adət halını alıb. Görünür, Tramp da ritualdan kənara çıxmadığından, I Arama zəng edib. Amma bu, hələ heç nə demək deyil.

O da məlumdur ki, I Aram Birləşmiş Ştatlara səfər gerçəkləşdirməklə Trampa həmin telefon zəngini xatırladıb və onu, bir növ, sözünün üstündə durmağa çağırıb. Mövcud çağırış anlamında isə “Vaşinqton Post” qəzetinin bir qədər də “irəli getdiyini” deyə bilərik. Çünki nəşrdə məsələ daha dramatik şəkildə qoyulub. Belə ki, müəllifi erməni əsilli yazıçı Devid İqnatiusun olduğu məqalədə ABŞ Prezidentinin Ermənistan xristianlarını müdafiə etməyə and içdiyi iddia olunub.

Təsəvvür edin, Tramp özünün andiçmə mərasimində əlini Bibliyanın üzərinə qoymadı, amma “Vaşinqton post” onun boynuna erməni təəssübkeşliyinə dair saxta missiya qoymaq istəyir. Bu təqdimat tərzinin yalnız bir adı var – həyasızlıq. Ancaq sözügedən məqalədəki həyasızlıq motivi tamam başqadır.

Məqalə müəllifi D.İqnatiusun Azərbaycanda həbsdə olan erməni əsilli milyarder, Qarabağdakı canını tapşırmış separatçı rejimdə “dövlət naziri” oyuncaq postunu tutmuş Ruben Vardanyandan aldığı rüşvət səbəbi ilə hərəkətə keçdiyi şübhə doğurmur. Görünür, “Vaşinqton post”un rəhbərliyinin də payı çatıb. Payı çatıb ki, D.İqnatiusun məqaləsində Trampın I Arama telefon zəngi Prezidentin erməniləri qorumağa and içməsi kimi göstərilib.

Bu yerdə D.Trampın ilk dəfə dövlət başçısı postunu tutduğu vaxtlarda “Vaşinqton post” barədəki fikirlərini yada salaq. O, nəşri, eləcə də “Nyu York Tayms” qəzetini saxta xəbər yayıcısı kimi təqdim etmişdi. “Vaşinqton Post” köhnə “ampluasındadır” və saxta xəbər yayıcılığını ermənilər (ilk dəfə deyil), daha dəqiq desək, R.Vardanyanın xeyrinə həyata keçirməklə məşğuldur.

Bəli, “Vaşinqton post” iddia edir ki, D.Tramp xristian erməniləri qoruyacağına and içib və o, andını gerçəkləşdirməyə R.Vardanyanın müdafiəsindən başlaya bilər. Qəzetin təqdimat tərzindəki nüansa diqqət yetirək: “Azərbaycanda erməni Ruben Vardanyan mühakimə olunur və mən Azərbaycanda mühakimə edilən siyasi məhbus Vardanyanın ağır vəziyyətini təqdim etmək istəyirəm. Onu ömürlük həbs gözləyir və bu şəxsin işi daha çox diqqətə layiqdir”.

Göründüyü kimi, məqalə müəllifi D.İqnatius qarşısına, necə deyərlər, sarı simlərə toxunmaq hədəfini qoyub. Birincisi, o, ermənilərin xristian olduqları fikrini qabardır. Sanki Vardanyanın günahı müsəlman Azərbaycanında xristian dininin daşıyıcısı kimi çıxış etməsidir, yaxud xristian erməniləri qorumasıdır. Əlbəttə, bundan böyük cəfəngiyyat ola bilməz. Çünki Vardanyana qarşı irəli sürülmüş ittiham kifayət qədər konkret və aydındır. Onun Qarabağda hansı əməllər törətdiyi də həmçinin. Hesab edirik ki, ədalət mühakiməsi hər şeyə aydınlıq gətirəcək. Müəllif D.İqnatius isə özünü və məqaləsinin yayımlandığı nəşri gülüş hədəfinə çevirməklə məşğuldur. Əlbəttə, başqa məqamlar da var. Məsələn, “Vaşinqton Post” iddia edir: “Vardanyanın cinayəti, əgər belə adlandırmaq olarsa, Qafqazın ucqar bölgəsi və vaxtilə əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan Dağlıq Qarabağda erməni müqavimətinə dəstək vermək idi. 2023-cü ilin sentyabrında Azərbaycan qoşunlarının işğalı zamanı bölgədən 120.000 erməni qaçıb. Vardanyan Ermənistanla sərhədi keçmək istəyərkən saxlanılıb”.

Deməli, “Vaşinqton post” təmənnalı erməni təəssübkeşliyi naminə bütün media prinsiplərinə, beynəlxalq hüquqa tüpürməyə hazır olduğunu bir daha, bu dəfə R.Vardanyanı müdafiə zəminində göstərir. Qəzet Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu nəzərə almır. Ən ağlasığmaz məqam isə odur ki, nəşr qorumağa çalışdığı şəxsin Qarabağa hansı məqsədlə, haradan göndərildiyinə əhəmiyyət vermir.

Güman edirik, köməkçiləri D.Trampa R.Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa məhz Kremlin bəzi dairələrinin bölgə ilə bağlı separatçılıq niyyətlərini gerçəkləşdirmək naminə dürtüldüyünü bildirməmiş olmayacaqlar. Eləcə də Rubenin Rusiyanın maraq və mənafelərinin birbaşa icraçısı olduğunu da vurğulayacaqlar. Yəni, bunun baş verəcəyinə şübhəmiz yoxdur. Ona da şübhə etmirik ki, haqqında söz açdığımız məqalə müəllifinin erməni olması faktı da Birləşmiş Ştatlar Administrasiyasının nəzərindən yayınmayacaq.

Diqqət çəkmək istədiyimiz bir məqam da var. Belə görünür, “Vaşinqton post” Trampdan ağır sözlər eşitmək üçün darıxıb. Nə bilmək olar, bəlkə nəşr dövlət başçısının söyüşə bənzər fikirlərini təkrarlaması ilə reklam olunmağı və son dövrlər azalmağa doğru gedən tirajını artırmaq niyyətindədir. Qəzetin qaldırdığı məsələ həm də ona görə gülüncdür ki, belə üsullarla Azərbaycana təzyiq etmək, R.Vardanyanın azadlığa çıxmasına nail olmaq mümkünsüzdür. Tramp da Birləşmiş Ştatların erməni sevdasına köklənmiş sabiq prezidenti Cozef Bayden deyil. Fikrimizin təsdiqi üçün nəinki I Aram və “Vaşinqton post” rəhbərliyi, eləcə də digər xəstə təfəkkür sahibləri 44 günlük müharibə dönəmini yada sala bilərlər. Haşiyə çıxaq ki, müharibə vaxtı Trampa Azərbaycanın Ermənistana qarşı hücuma keçdiyi fikri çatdırılmışdı. Prezidentin cavabı isə təxminən belə idi: Necə olur ki, müsəlman Azərbaycanına dəstəyi İsrail, xristian Ermənistanına dəstəyi isə müsəlman İranı göstərir?

Sonda xatırladaq ki, ABŞ-da D.Trampın Prezident postunda fəaliyyətə başlaması ilə bir çox yeniliklər baş verir. “Amerikanın səsi” və “Azadlıq” radiostansiyalarına açıq hücumlar gerçəkləşdirilir və bu media orqanlarının heç bir əhəmiyyət daşımadığına, ekstremizmi və terrorçuluğu təbliğ etdiyinə dair fikirlər qabardılır. Hesab edirik ki, “Vaşinqton post”a da eyni prizmadan yanaşmaq üçün ciddi əsasların olmasını nəşrin saxta xristian-erməni təəssübkeşliyinə hesablanmış R.Vardanyan sevgisi sübuta yetirə bilər. Əlbəttə, başqa məqamlar da istisna deyil. Çünki bu qəzetin oyunbazlığı heç vaxt sərhəd tanımır.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
5
xalqqazeti.az

1Mənbələr