AZ

Eren Elmalı “Trabzonspor”u “Qalatasaray”a dəyişdi

Türkiyənin “Trabzonspor” klubunun sol cinah müdafiəçisi Eren Elmalı bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qalatasaray” bu transfer üçün “Trabzonspor”a 3,5 milyon avro ödəyib. 24 yaşlı türkiyəli futbolçu yeni klubu ilə 3,5 + 1 illik müqaviləyə imza atıb.

Eren Elmalı “Kartalspor”un yetirməsidir. Daha sonra “Kasımpaşa”ya keçmiş müdafiəçi bir müddəti “Silivrispor”da da icarədə olub. Eren 2022-ci ildən “Trabzonspor”un uğurları üçün çalışırdı. O, Trabzon klubunun əsas komandasında 111 oyuna çıxıb, 1 qol və 6 məhsuldar ötürmə müəllifi olub.

Türkiyənin U-21 yığmasında da oynamış Eren Elmalı 2022-ci ilin iyun ayında əsas millidə debüt edib. Müdafiəçi Türkiyə millisinin heyətində meydana çıxdığı 14 oyunda 1 assistlə yadda qalıb.

Eren Elmalını satan “Trabzonspor” da heyətinə yeni futbolçu cəlb edib. Sözügedən klub Fransa təmsilçisi “Ayaçço”nun mərkəz yarımmüdafiəçisi Tim Jabol-Folkarellini transfer edib. Super Liqa təmsilçisi bu keçid üçün “Ayaçço”ya 1 milyon avro ödəyib. 25 yaşlı fransalı yarımmüdafiəçi ilə müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Tim Jabol-Folkarelli 2023-cü ilin iyul ayından “Ayaçço”da çıxış edirdi. O, bu klubun əsas komandasında 50 oyuna çıxıb. Tim bu görüşlərdə 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi daha öncə “Sent Luis Noyveq”, “Renn” (B) və “Le Pyu” kimi klubların da şərəfini qoruyub.

Seçilən
17
arena.az

1Mənbələr