"Azərbaycan hansı məhsuldan bilavasitə idxaldan çox asılıdırsa, bu məhsulların idxal edildiyi ölkələrdə qiymətlər qalxarsa, yaxud daşınma (logistika) xərcləri, gömrük tarifləri artırsa, bu, ölkəyə gətirilən həmin məhsulların qiymətinə birbaşa təsir edir. Yəni idxaldan asılılıq yüksəkdirsə, xaricdə baş verən qiymət dəyişiklikləri ölkə daxilində də qiymət artımına səbəb olur".
Bu sözləri Ölkə.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov unun bahalaşmasından danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan ərzaqlıq buğdanın böyük bir hissəsini idxal edir:
"Buna görə də birbaşa onun qiymətində olan artımlar, idxalın rolu çox böyükdür. Təbii olaraq burada daxili faktorlar da var: enerji, əməkhaqqı qiymətləri və digər ödənişlər. Biz ölkənin ərzaq təhlükəsizliyində bir çox istiqamətlərdə yerli məhsullara əsaslansaq da, buğda idxalında qonşu ölkələrdən asılıyıq.
Xüsusi olaraq bir məsələni qeyd etmək istəyirəm ki, biz əgər bir istiqamətdə qiymət artımları görürüksə, cəmiyyət olaraq bütün istiqamətlərdə bunun bir gün tez və yaxud gec baş verəcəyini bilməliyik. Məsələn, bu gün mal ətinin qiyməti qalxırsa, biz balıq tutan insana "balığın qiymətini qaldırma" deyə bilmərik. Qiymətlər bir-biri ilə əlaqədardır. Balıq tutan, bərbər, taksi sürən, bənna, yəni hər bir insan müəyyən xərclərini ödəməlidir.
Əgər qiymətlər ümumilikdə artarsa, hər kəsin xərcləri də yüksəlir. İnsanlar və şirkətlər öz xərclərini qarşılamaq üçün satdıqları məhsulun və ya göstərdikləri xidmətin qiymətini artırmağa məcbur olurlar".
Həmidə İbrahimova