Misli Premyer Liqasının XXII turunda “Səbail” üzərində 5:0 hesablı qələbə qazanan "Qarabağ" yeni rekord müəyyənləşdirməyə yaxın olub. Offsideplus.az xəbər verir ki, 18 dəqiqəyə (76-cı dəqiqədədən 90+3-cü dəqiqəyə qədər) 5 qol vuran Ağdam klubu Azərbaycan çempionatlarında XXI əsrin ikinci ən sürətli göstəricisinə imza atıb.

Beş qolu ən qısa müddətdə vuran komanda isə artıq fəaliyyətini dayandırmış “Rəvan” olub. Həmin vaxt gənc baş məşqçi Ramil Əliyevin çalışdırdığı komanda 2013-cü il martın 30-da “Turan”ın qapısına 14 dəqiqəyə 5 dəfə yol tapıb. "Rəvan "ın qollarını Mindauqas Kalonas 60-cı, Xuan Manuel Varea 61, 68 və 72-ci və Miloş Adamoviç 73-cü dəqiqədə qol vurub. Görüş paytaxt təmsilçisinin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. 

"Qarabağ"la əlaqədar daha bir maraqlı məqam odur ki, Qurban Qurbanovun yetirmələri cari mövsümdə artıq üçüncü dəfə 5:0 hesabına sevinirlər. Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da isə evdə “Sumqayıt”ı darmadağın etmişdi.