ABŞ Prezidenti Donald Trampın xarici yardımı dondurması Kambocada insan alveri və məcburi əməyə qarşı mübarizə aparan təşkilatlara ciddi zərbə vurub.
Bu ölkədə on minlərlə insan girov saxlanılır və fırıldaqçılıqla məşğul olan çağrı mərkəzlərində işləməyə məcbur edilir.
"Cebheinfo.az" xəbər verir ki, BMT-nin hesablamalarına görə, Kamboca, Myanma və Laos kimi ölkələrdə yüz minlərlə insan işlədilir və dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-də insanları aldatmaq üçün onlayn fırıldaqçılıqla məşğul olur. Aldadılan insanlar üçün Kambocanın paytaxtı Pnompendə fəaliyyət göstərən katolik xeyriyyə təşkilatı "Caritas" tərəfindən idarə olunan sığınacaq da maliyyə çatışmazlığı səbəbindən qurbanları qəbul etməyi dayandırmaq təhlükəsi ilə üz-üzədir.
Sığınacaq, hökumət tərəfindən idarə olunmayan və həm yerli, həm də xarici qurbanları qəbul edən yeganə mərkəzdir. Mənbələr adlarının açıqlanmasını istəməyiblər, çünki Tramp administrasiyasının mümkün təzyiqlərindən ehtiyat edirlər. Qeyd edək ki, ötən ilin oktyabrında ABŞ Kambocanın Baş naziri Hun Manetin hakimiyyətdə olan Xalq Partiyasının aparıcı üzvlərindən biri olan Li Yon Fata qarşı sanksiyalar tətbiq edib. O, insan alveri və məcburi əməyə cəlb olunan onlayn fırıldaqçılıq mərkəzlərinə sahib olmaqda ittiham edilir.
Yanvar ayında Tramp administrasiyası ABŞ-nin xarici yardımını donduraraq, dünya üzrə bir çox layihənin dayandırılmasına səbəb olub. Bu layihələr arasında HİV xəstələri üçün dərman təminatı və münaqişə nəticəsində məcburi köçkün düşən insanlara humanitar yardım göstərilməsi kimi genişmiqyaslı proqramlar da var.