"2024-cü ildə ölkəmizdə 232 dövlət standartı qəbul edilib. Bu, 2023-cü il ilə müqayisədə 1,5 dəfədən çox artım deməkdir. Ötən il qəbul olunmuş standartlardan 67-si qida texnologiyası və kənd təsərrüfatı, 12-si tikinti materialları, 9-u idarəetmə və keyfiyyət, 25-i informasiya, telekommunikasiya və elektrotexnika, 4-ü neft-qaz və əlaqəli texnologiyalar, 6-sı zərgərlik, 16-sı ətraf mühit, 13-ü nəqliyyat, 1-i səhiyyə-tibb, 13-ü tekstil və plastik, 56-sı əməyin təhlükəsizliyi sahələrini əhatə edir".
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) baş direktor müavini, direktor əvəzi Kəmalə Məmmədzadə bildirib.
O qeyd edib ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə beynəlxalq standartların tətbiqi, milli standartlara yenidən baxılması üçün dövri yoxlamaların həyata keçirilməsi və müasir tələblərə cavab verən yeni standartların işlənib hazırlanması vacib məsələlərdəndir:
"Bu baxımdan qeyd etmək lazımdır ki, ötən il ümumilikdə 105 standartın dövri yoxlanılması həyata keçirilib,195 beynəlxalq (regional) və dövlətlərarası standartın isə ölkəmizdə tətbiqinə icazə verilib".