AZ

Xaricdə təhsil şirkətləri: Yalançı vədlərin və bəzəkli reklamların qurbanı OLMAYIN

“Son illərdə gənclərin xaricdə təhsilə maraq və tələbatı artıb. Amma xarici universitetləri sevinclə bitirdikdən sonra bir çox məzun diplomunun tanınmaması problemi ilə qarşılaşırlar”.

 

Bu sözləri AzEdu.az-a təhsil məsələləri üzrə mütəxəssis Rizvan Fikrətoğlu söyləyib.

 

Ekspertin fikrincə bəzi xaricdə təhsil şirkətlərinin xidmətindən yararlanan tələbələr yalançı vədlərin və bəzəkli reklamların qurbanına çevrilirlər:

 

“Tanınma xarici dövlətlərin universitetlərində təhsil almış və uğurla bitirməsini təsdiq edən diplomun və ya şəhadətnamənin ölkə ərazisində qüvvədə olmasının təsdiqidir. Əvvəlcə qeyd edək ki, xarici diplomların tanınması məcburi deyil. Əgər işəgötürən tanınma haqqında şəhadətnamə tələb edirsə, məzunlar Azərbaycanda ali təhsillərini davam etdirmək və ya peşə istiqamətlərinə uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək arzusundadırlarsa, o zaman diplomun tanınması vacib hala çevrilir. Bu da var ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətindən yararlanan tələbələr yalançı vədlərin və bəzəkli reklamların qurbanına çevrilirlər.

 

Xüsusən də gənclər “kustar üsulla” yaradılmış belə şirkətlərin vədlərinə uyaraq ölkəmizdə tanınmayan xarici ali məktəblərdə mənasız yerə vaxt sərf edir və sonda lazımsız, keçərsiz diploma sahib olurlar. Belə şirkətlərin çoxu mövsümidir. Əsas hədəfləri nəticəsi zəif olan abituriyentlər, xüsusilə də müddətli hərbi xidmətə getmə yaşı çatmış şəxslərdir. Düzgün işləyən xaricdə təhsil şirkətinin üstünlüyü odur ki, gənclərə bələdçilik edir, birbaşa konsultasiya aparır, bilik və bacarıqlarına uyğun ixtisasa yönləndirir, vaxtında müraciət edilməsini, sənədlərin düzgün toplanılmasını və digər prosedur qaydalarını izah edir, müəyyən sənədləri toplamaqda yardım göstərir”.

 

Ekspert qeyd edib ki, xaricdə təhsil şirkəti ilə müqavilə bağlayarkən onların öhdəlikləri diqqətlə təhlil edilməlidir:

 

“Azərbaycan dövlətində xarici ölkələrin ali məktəb ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması prosedurunu isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) həyata keçirir. Tanınma proseduru ödənişlidir. Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər sənədlərin qəbulu üçün 250 manat xidmət haqqı ödəməlidirlər. Tanınma barəsində verilən şəhadətnamənin itirilməsi və ya korlanması hallarında isə 20 manat xidmət haqqı ödənməlidir. Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik, hüquq və digər ixtisaslar üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçirilir.

 

Burada tanınmanın xüsusilə iki növü barəsində söz açmaq yerinə düşərdi. Birincisi, kvalifikasiyanın akademik tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanda təhsilin növbəti pilləsində təhsilini davam etdirmək hüququ verir. İkincisi, kvalifikasiyanın peşə tanınmasıdır ki, burada xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycanın Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işə götürənə təqdim edilən təhsil sənədində qeyd olunan müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsidir”.

 

Bəzi hallarda özəl sektorlar gənclərin xarici diplomunu tanınma olmadan belə qəbul edirlər.

 

“Bu mövzuda xarici diplomunu almış tələbə özü qərar verməlidir. Lakin tələbə dövlətlə bağlı qurum və ya nazirlikdə işləməyi planlayırsa bu məsələyə çox ciddi yanaşmalıdır. Sadəcə, bir-iki özəl şirkətin ümidinə qalıb tanınma prosedurunu ciddiyə almamaq diplomçunun ziyanınadır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınması ilə bağlı əhaliyə dəfələrlə xəbərdarlıq edib. Hətta bu dövlət qurumu heç bir şirkət və ya fiziki şəxslə əməkdaşlıq etmədiyini dəfələrlə bildirib. Hazırda ən çox imtina alan universitetlər Ukrayna, Rusiya və Gürcüstana aiddir. TKTA-nın ən çox imtina alan universitetlərin siyahısına baxanda bunu aydın görmək olur. Tanınmama faizi 30-100 arasında yerləşən 54 universitet məhz bu 3 ölkədə yerləşir”.

 

R.Fikrətoğlunun fikrincə diplomların tanınmasından imtinanın əsas səbəbi şəxsin təhsil müddətində xarici ölkənin ərazisində kifayət qədər olmaması, tədris dili üzrə aşağı bilik səviyyəsi, təhsil aldığı universitetin akkreditasiyasız olması və s. ilə bağlıdır:

 

“Xarici dövlətlərə üz tutan tələbələrə tövsiyə edirəm ki, universitetin təhsil alınan ölkədə dövlət akkreditasiyasına, yəni lisenziyaya sahib olması, təhsilalma formasının ölkəmizin təhsil qanunvericiliyində nəzərdə tutulmuş formalara uyğun olması, təhsil alınan ölkədə davamiyyətə riayət edilməsi, tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olması məqamlarına diqqət yetirsinlər. Abituriyentlər diplomları tanınmayan universitetlərin siyahısını TKTA-nın rəsmi internet saytından da öyrənə bilərlər. Təhsilalan “//apply.enic.edu.az” sistemi vasitəsilə də akreditasiyadan keçmiş və lisenziyası olan ali təhsil müəssisələri barəsində məlumat ala bilər.

 

Nüfuz xatirinə, “təki xaricdə oxuyum” deyənlər çox vaxt nəticəni düşünmürlər. Bəzən məzunlar müəyyən vasitəçi şirkətlərin vədlərinə aldanaraq, nüfuz xatirinə xarici ölkələrə üz tuturlar. İstənilən halda, hər hansı xarici ali məktəbə oxumağa gedən abituriyent TKTA vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Bir sözlə, aldanmamaq üçün oxumaq istədiyiniz universiteti yaxşı araşdırmalı, həmin təhsil ocağının Azərbaycanda tanınıb-tanınmamasını əvvəlcədən öyrənməlisiniz. Əgər hansısa xaricdə təhsil şirkətinin xidmətlərindən yararlanırsınızsa, həmin şirkəti də araşdırmalı və qəbul olan digər tələbələrin sənədlərini təqdim etmələrini istəməlisiniz”.

Seçilən
21
azedu.az

1Mənbələr