AZ

5:0 ­– aldadıcı hesab

Premyer Liqada 22-ci tur arxada qaldı. Öyrəndik ki...

Özü hücumçu olmuş Vaqif Cavadovun komandası 7 oyundur rəqib qapılarına yol tapa bilmir. Bu, artıq rəqəm yox, statistikadır. Gənc, perspektivli mütəxəssis sayıla bilərsən, ilk böyük komanda təcrübən ola bilər, amma bu gedişatı dayandırmağa borclusan. Əslində, komanda pis futbol oynamır, xüsusilə də ilk yarılarda effektivdirlər. Epizodlar yaradırlar, istək görünür. Ancaq nəticə və reallıq başqadır. “Sumqayıt”ı hazırkı durumdan çıxartmaq vəzifəsi Cavadovun üzərindədir. Zəhmət çəkib yolunu tapsın.

***

“Turan”da da məşqçi problemi var. Bəli, əlinin altındakı heyət güclü deyil, “Sabah”la matçda zədəlilər də çox idi. Amma bu Qurban Berdıyevin oyuna müdaxilə şansından düzgün istifadə etməməsi və ouna müdaxilədə gecikməsini ikinci plana atmır. İkinci hissənin əvvəlində müdafiədən çıxan topların qısa zamanda geri qayıtması, topun hücumda çox saxlanılmaması, orta xəttin də buna yardımçı ola bilməməsini tribunadakı hər kəs gördü. Amma Berdıyev görmədi. Rəhim Sadıxov ənənəvi olaraq ilk yarıdan sonra “söndü”. Onun işini Kristian görməyə məcbur oldu ki, o da bir yerə qədər effektiv ola bilərdi. Topu irəlidəki, rəqib müdafiənin ağuşunda qalan iki hücumçuya atıb onlara kömək etməmək, Berdıyevin özünün də etiraf etdiyi kimi ikinci toplarda effektiv olmamaq, bununla yanaşı, topu müdafiədən hücuma hava yox, yerlə paslaşma və ya driblinq hesabına çatdırmaq da olmadığından iş tərs gedir, forvardlar faktiki müqəvva rolunu oynayırdılar. Onlardan birinin çıxarılmalı, yerinə Ayxan və ya Xəyalın salınmalı olduğunu bilmək üçün Ançelotti olmaq lazım deyildi yox idi. Qurban müəllim bunu yalnız bitimə 5-6 dəqiqə qalmış etdi ki, onda da iş-işdən keçmişdi. Bu məğlubiyyət də onun passivindədi.

Berezutski isə ağıllı davrandı. Tovuz təmsilçisinə enerjisini ilk yarıda sərf etmək, boşluqlarını göstərmək imkanı verdi, sonra doğru müdaxiləsi ilə oyunun taleyini həll etdi. Vasili məğlub durumda da soyuqqanlığını qorumaqla planından dönmədi və vacib 3 xalı əldə edə bildi. Onun Premyer Liqadakı işi asan olmayacaq, bunu demişik. Ancaq rusiyalı mütəxəssis ara-sıra da olsa, “dişlərini qıcaya” bildiyini göstərir.

***

Samir Abasov dramatik sonluqlu matçda güclü “Zirə”ni yenməklə komandasının uğurlu gedişatını davam etdirdi. Zirəlilər sonuncu məğlubiyyətlərini elə “Neftçi”dən almışdılar, hesab da, ssenari də eyni olmuşdu. Dəyişən “ağ-qaralar”ın oyun intizamıdır. Abasov nəhayət, komandanın oyununu relsə salmağı bacarıb, müəyyən görüntü var. Müdafiədə səhvlər olsa da, müdafiə oyunu yaxşılaşıb, orta xətdə xüsusilə Emin Mahmudovun daha azad fəaliyyəti hesabına effektivlik artıb. Elvin Camalov isə dayağın bütün nöqtələrində peyda olmaqla ciddi fərq yarada bilib. Axsayan bölgə isə hücumdur. Son iki transfer həmin mövqeyə edilib. Onlar da kollektivə effektiv qoşulsa, gələn mövsüm üçün komandanı qurmağa başlamaq olar.

***

Rəqib autsayder “Səbail” və qolların yalnız 70-ci dəqiqədən sonra gəlməsi olmasaydı, “köhnə” “Qarabağ”ın qayıtdığını elan edə bilərdik. 5:0 aldadıcı hesabdır, bütün oyunun adğamlıların total üstünlüyü ilə keçdiyini demək olmaz. Ancaq ehtiyatında Andrade və Kadi kimi oyunçular varsa, matçın taleyi sənin əlindədir. Bir ara eniş dövrü yaşayan Leandro oyuna girəndən sonra elə müdaxilə etdi ki, danışmağa söz qalmadı. Adam səviyyəsini növbəti dəfə təsdiqlədi. Kadi isə... sanki heç getməmişdi. Gözəl debüt və geri dönüş alındı.

Seçilən
31
vaxt.az

1Mənbələr