AZ

Tramp Moskvanın azad etdiyi amerikalı müəllimi salamlayır və daha bir saxlanılan şəxsin azad ediləcəyini vəd edir

Çərşənbə axşamı axşam saatlarında ABŞ prezidenti Donald Tramp Rusiyanın azad etdiyi amerikalı müəllimi Ağ Evdə salamlayıb və jurnalistlərə deyib ki, "sabah daha bir nəfəri azad edəcəklər, sizə onun haqqında məlumat veriləcək", xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Kreml 2022-ci ilin iyunundan etibarən Rusiyada 14 illik həbs cəzası çəkən Mark Fogeli dünən, Tramp, onun xüsusi nümayəndəsi Stiv Vitkoff və Rusiya liderləri arasında danışıqlardan sonra azad edib.

"Üç il yarım həbsdən sonra Mark, nəhayət ki, azaddır", deyə dövlət katibi Marko Rubio öz bəyanatında bildirib. "Markın azad edilməsi eyni zamanda Rusiyada hələ də digər Amerika vətəndaşlarının da saxlanıldığı haqqında xatırlatmadır. Prezident Tramp onların hamısını vətənə qaytarmaq niyyətindədir", deyə o əlavə edib.

Ağ Ev bunun "rusların xoş məramının nümayişi və Ukraynada amansız və dəhşətli müharibəyə son qoymaq üçün doğru istiqamətdə irəlilədiyimizin göstəricisi" olmasından başqa, "mübadilə" haqqında heç bir təfərrüatı açıqlamayıb.

"Əslində Rusiya bizimlə çox yaxşı rəftar etdi", deyə Tramp çərşənbə axşamı Oval Kabinetdə bildirib. "Ümid edirəm ki, bu, bu müharibəyə son qoya və milyonlarla insanı azad edə biləcəyimiz münasibətlərin başlanğıcıdır", deyə o qeyd edib.

Seçilən
19
turan.az

1Mənbələr