AZ

İsveç polisi: Erebruda məktəbə hücum edən şəxs 50-dən çox atəş açıb

İsveçin Erebru şəhərində məktəbə hücum edərək 10 nəfəri qətlə yetirmiş silahlı şəxs 50-dən çox atəş açıb və qurbanlar təsadüfi seçilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveç polisi məlumat yayıb.

"Məktəbdə texniki baxış hələ də davam edir, lakin 50-dən çox atəş açıldığını təsdiqləyə bilərik. Şübhəlinin yanında çoxlu sayda istifadə olunmamış döyüş sursatı aşkar edilib", - məlumatda bildirilib.

Polis cinayət yerində üç, şübhəlinin evində isə bir ədəd silah aşkarlayaraq götürüb.

"İndiki mərhələdə onun konkret qurbanlar seçdiyini hesab etmirik. Qurbanlar yaş, etnik mənsubiyyət və cinsinə görə fərqlənir. Onlar müəllim və ya şagird olublar", - polis dəqiqləşdirib.

Cinayətin motivi hələlik müəyyən edilməyib.

"Şübhəli şəxs təcrid olunmuş vəziyyətdə yaşayırdı və digər insanlarla, demək olar ki, heç bir əlaqəsi yox idi", - məlumatda bildirilib.

Xatırladaq ki, atışma fevralın 4-də Campus Risbergska məktəbində baş verib. Polisin məlumatına görə, atışma zamanı 10 nəfər (28-68 yaş arasında olan yeddi qadın və üç kişi) ölüb, altı nəfər isə yaralanıb. Hücum edən şəxs polis gələnə qədər intihar edib.

Seçilən
15
1
report.az

2Mənbələr