AZ

Bakıda ev almaq istəyənlərin nəzərinə! – Gözlənilməz dəyişiklik oldu 

Azərbaycanda ötən il tikilən evlərin sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ildə tikilib istifadəyə verilmiş fərdi yaşayış evlərinin sayı 11 522 ədəd ( illik müqayisədə 12.7% çox), bina evlərinin sayı isə 8 627 ədəd ( illik müqayisədə 31% az) təşkil edib.

Görünən odur ki, vətəndaşlar fərdi evlərdə yaşamağa üstünlük verirlər. Bunu isə fərqli səbəblərlə əsaslandırırlar – kimisi təhlükəsizlik məsələsini vurğulayır, kimisi çoxmənzilli binaların baha başa gəldiyini bildirir.

Fərdi evlərə tələbat niyə artıb? Bu, qiymətlərə necə təsir edə bilər?

Globalinfo.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, ölkəmizdə daşınmaz əmlaklara tələbat daha çox Bakı və digər böyük şəhərlərdə, inkişaf etmiş rayonlarda qeydə alınır:

“Hazırda bəzi rəqəmlərə görə, paytaxt və şəhərətrafı ərazilərdə çıxarış ala bilməyən 500 minə yaxın fərdi ev var. 2023-cü ilin oktyabrından etibarən çıxarışı olmayan torpaq sahələri üzərində tikiləcək fərdi yaşayış evlərinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu səbəbdən fərdi həyət evlərinə tələbat artsa da, çıxarışı olmayan torpaq sahələrinə tələbat azalıb. Vətəndaşlar əsasən çıxarışlı fərdi həyət evlərinə üstünlük verirlər, bunlar isə şəhərin mərkəzində deyil, kənar ərazilərdə, məsələn, Abşeronda daha çoxdur. Ətraf ərazilərdə fərdi evlərin satış qiymətləri mərkəzdəki istər çoxmənzilli, istər fərdi həyət evlərindən daha ucuz olduğuna görə insanlar qeyd edilən istiqamətlərə üz tuturlar. Əslində, 2023-cü ildən sonra fərdi evlərin tikintisində ciddi azalmalar müşahidə olundu. Ölkə üzrə Bakı və Abşeron ərazisində fərdi həyət evlərinin tikintisinin sayı azalsa da, azad olunmuş ərazilərimizdə vəziyyət başqadır. Burada ciddi tikinti bərpa işləri gedir, yüzlərlə, minlərlə həyət evləri tikilir, mərhələli şəkildə məcburi köçkünlərə verilir”.

E.Fərzəliyev bildirib ki, çoxmənzilli binalarda kəskin qiymət artımı müşahidə olunur:

“Xüsusilə Bakıda çoxmənzilli binaların tikintisi üçün torpaq sahələrinin azalması və ya qiymətlərin kəskin artması şirkətlərdə də müəyyən tərəddüdlər yaradır. Tikinti işləri baha başa gəlir. Bu səbəbdən çoxmənzilli binaların tikintisinə maraq yoxdur. O cümlədən, artıq əvvəlki illərdəki qədər sıx şəkildə tikintilərə icazə verilmir. 2018-ci ilə qədər çoxmənzilli binaların inşası üçün yerli icra hakimiyyətləri sərəncam versə də, qeyd etdiyim tarixdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu səlahiyyətləri icra etməyə başladı. Qurum isə bütün çoxmənzilli yaşayış binalarında normativ aktlara əməl olunmasını tələb edir. Tikinti qaydalarından kənara çıxan şəxslərə sənədlər vermir, proses yerində dayandırılır. Çoxmənzilli binaların inşası da səngiyir. Alternativ olaraq Sumqayıt, Xırdalan, Gəncə kimi digər böyük şəhərlərdə binalar inşa olunur.

Digər tərəfdən, 2020-ci ildən sonra ölkəyə xarici səfərlərin qapalı olması səbəbindən daxili turizmin inkişafı prosesinə start verildi. Bu isə ölkənin müxtəlif bölgələrində fərdi həyət evləri və torpaq sahələrinə edilən müraciətlərin sayına təsir etdi. İnsanlar bağ evlərini turistik zonalarda tikir, əmlak sahibləri isə böyük gəlirlər əldə edirlər”.


Seçilən
42
referans.az

1Mənbələr