Əbülfəz Rəhmətov Vətən uğrunda canını fəda edib, ölümündən sonra “III dərəcəli Rəşadət” ordeni ilə təltif olunan, 5 müəllimin tək hərbçi qardaşıdır. Onun nəşi 7 ay sonra tapılaraq ailəsinə təhvil verilib.
O, Aprel və Tovuz döyüşlərində böyük qəhrəmanlıq göstərib, şəhid general-mayor Polad Həşimov ilə bir sırada döyüşüb. II Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlib.
AzEdu.az Təhsil Portalı “Şəhid yadigarı” rubrikasında Əbülfəz Rəhmətovun qardaşı, ibtidai sinif müəllimi, 2024-cü il üzrə Lənkəran-Astara regionu üzrə qalib olan "Örnək müəllim" Gülağa Rəhmətovla müsahibə alıb.
G.RəhmətovLerik rayonu Anbu kənd tam orta məktəbində ibtidai sinif müəllimidir. O, müəllimlərin sertifikatlaşdırılma imtahanından 53 bal toplayıb.
-Gülağa müəllim, qardaşınız şəhid olduqdan 7 ay sonra onunla bağlı dəqiq məlumat ala bildiniz. Həmin 7 ay xatirinizdə necə qalıb?
-Təxminən 7 ay qardaşım barədə məlumat ala bilmədik. Bir şəhidin doğmaları üçün 7 ay həqiqətən də çətin və uzun vaxtdır. Müharibə vaxtı hər gün həm xoş, həm də pis xəbərlər eşidirdik, amma heç vaxt ümidimizi itirmirdik. Əbülfəz çox böyük qəhrəman idi. O, həm Aprel, həm də Tovuz döyüşlərində iştirak etmişdi. Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərib, Tovuz döyüşlərində general-mayor Polad Həşimov ilə bir sırada döyüşmüşdü. Ona görə inanırdıq ki, sağ qayıdacaq.
O, hərbi həyatı barədə danışmağı sevmirdi, amma bizə ümid verirdi ki, qısa zamanda torpaqlarımızı azad edəcəyik. Ordumuz və əzmimiz buna imkan verir.
-Müharibəyə gedəndə sizlə sağollaşmışdı?
-O, həmin dövrdə Tovuzda xidmət edirdi. Müharibə vaxtı Tovuzdan Gəncəyə gəldi ki, döyüşlərə getsin. Deyilənə görə, qardaşım 300 könüllünü müharibəyə hazırlayıb, onlara hərbi dərs keçib. Həmin 300 nəfərlə birgə döyüş tapşırığını yerinə yetirmək üçün könüllü şəkildə müharibəyə yollanıblar.
Əbülfəzə o vaxt deyiblər ki, “Sənə hələ ki, ehtiyac yoxdur, qal burada”. Amma o, arxa cəbhədə qalmaq istəməyib, döyüş bölgəsinə gedib.
-Qardaşınızdan yadigar övladları da var...
-İyul ayında onun ikinci övladı dünyaya gəlmişdi. Çox xoşbəxt idi... Gəncədə ev tutmuşdu ki, ailəsini qoyub, sonra getsin. Amma bəxt elə gətirdi ki, o, Gəncədən birbaşa döyüşə getməli oldu. Ailəsi ilə vidalaşa bilmədi.
-Dediniz könüllü gedib. Bəs müharibədə olduğundan xəbərdar idiniz?
-Müharibə vaxtı onunla əlaqə saxlayırdıq, amma döyüşdə olduğunu demirdi. Gəncədəyəm deyirdi, biz də buna inanırdıq...
O, şəhid olmamışdan 1 gün öncə, yəni oktyabrın 15-i atama zəng edib danışmışdı. Atam ona deyib ki, “Narahatam səndən”. Əbülfəz sonuncu dəfə “Narahat olmayın, hər şey yaxşı olar”,- deyib sağollaşıb.
-Döyüşlər bitdi, müharibə yekunlaşdı, amma qardaşınızdan səs-soraq çıxmadı... Düşünəndə bu hiss daha çətindir. O zaman hara müraciət etdiniz?
-Az öncə qeyd etdiyim kimi, sonuncu dəfə oktyabrın 15-i danışdı. 16-sı qardaşımgil iki maşınla döyüş tapşırığını yerinə yetirmək üçün əməliyyata cəlb olunublar. Həmin gün maşınlardan birindəki əsgərlər yaralanmışdılar. Yaralılardan biri bizə xəbər etdi ki, belə bir hadisə olub, amma Müdafiə Nazirliyi tərəfindən təsdiqlənmədiyi üçün biz heç nə bilmirdik.
Sonralar dövlət nümayəndələri bizə gəlib baş çəkirdilər, təskinlik verirdilər. Amma biz ümidimizi itirmirdik. Onun gələcəyinə ümidimiz var idi. 7 may 2021-ci ilə qədər qardaşımın yolunu gözlədik...
Mayın 6-sı xəbər gəldi. DNT əsasında təsdiqlənib ki, qardaşım 16 oktyabr 2020-ci ildə döyüş əməliyyatını yerinə yetirərkən şəhid olub.
-7 aydan sonra həm gözünüz “yollardan yığılmışdı”, həm də “ümidiniz üzülmüşdü”... Necə hiss idi bu?
-Biz 6 qardaşıq. 5-miz, eləcə də, atamız müəllimdir. Əbülfəz öz istəyi ilə hərbi sahəni seçdi. O deyirdi ki, “Mən ancaq hərbçi olmalıyam, Vətəni qorumalıyam”.
Çox mərd, cəsur idi. Ailədə onun sözünə xüsusi hörmət edilirdi. Qardaşımı itirmək çox çətindir. Hələ də yoxluğunu qəbul edə bilmirik.
Nə vaxt ki, çətinliyimiz, narahatlığımız olur, həmin gecə Əbülfəz yuxumuza gəlir və dərhal problemimiz həll olur. Şəhidlər mələkdirlər. Bəlkə də ona görə onlar bizə yardımçı olurlar.
Röyama gələndə, həmişə üzü gülür, sevincli olur. Heç vaxt onu kədərli görməmişəm.
-“Hə”, yaxud “Yox” eşitmək belə, adamın ürəyinə toxtaqlıq verdiyi halda, sözsüz ki, xəbərsiz qalmaq, nigaran olmaq insan üçün ən ağır hissə çevirilir. Bu baxımdan sizi başa düşürəm, amma özünüzdən də eşitmək istəyərdim. Həmin 7 ay ərzində öz işinizə necə uyğunlaşa bildiniz? Həyat davam edirdi?
-Əslində... O vaxtlar pandemiya dövrü idi. Sanki Allahın işi idi ki, həmin müddəti evə qapanaraq yaşamalı olduq. Bu sözdə “yaşamaq” idi. Necə yaşadıq, buna bir Allah şahiddir, sözlə demək olmur...
Bəlkə də evdə olmasaydıq, bu bizim üçün daha da dəhşətli hala çevrilərdi. O dövrü təsəvvürümdə canlandıra bilmirəm... Atama bir neçə dəfə təcili yardım çağırdıq. Anam hələ də özünə gələ bilmir.
-Atanız hələ də müəllim işləyir?
-Bəli, müqavilə ilə çalışır. Heç olmasa fikri məktəbdə qalır, daha az düşünür.
- Bəs hazırda ailəsi haradadır? Övladları nə edir, təhsil alırlarmı?
-Ailəsi onun Bakıdakı evində yaşayır. Dövlət tərəfindən onlar evlə təmin olunublar. Övladları ən yaxşı kurslardan birində oxuyur. YAŞAT Fondu tərəfindən onlara daim dəstək göstərilir.
-Siz özünüz də İbtidai sinif müəllimisiniz. Kişiləri ibtidai siniflərdə daha az görürük. Uşaqlarla işləmək necədir? Bu peşəni özünüzmü seçmisiniz, yoxsa məqsədiniz, istədiyiniz sahə başqası idimi?
-Özüm hərbçi olmaq istəyirdim, amma valideynlərim hərbiyə yox, başqa ixtisasda olmağımı istəyirdilər. Onda dedim ki “Ya hərbidə olacam, ya da İbtidai sinif müəllimi”.
O vaxt 11 ixtisas seçirdik. Hamısını İbtidai sinif müəllimi olaraq kodlaşdırmışdım.
-Hərbçi ilə ibtidai sinif müəllimi arasında uçurum qədər fərq var. Necə belə qənaətə gəldiniz? Tarix, riyaziyyat yox, məhz ibtidai sinif?
-Hərbi forma, hərbi iş mənim diqqətimi çox cəlb edirdi. Amma bununla yanaşı uşaqlarla işləmək də gözəl hissdir. Məktəbə gedəndə onlar mənə tərəf qaçırlar. Sanki mənim yanımda özlərini güvəndə hiss edirlər.
-Nə gözəl! Gülağa müəllim, sertifikasiyadan da yüksək nəticə göstərməyiniz yəqin ki, fənninizə bağlığınızdan irəli gəlir.
-Sertifikasiyadan mütləq yüksək bal toplamalı idim, çünki bu mənim borcum idi. Şəhid qardaşı adını bu cür doğrultmalı idim. Bu mənim məqsədim idi. Düzdür, o vaxt diaqnostik qiymətləndirmədən də yaxşı bal toplamışdım.
-Peşənizə bu qədər bağlı olmağınız qürurvericidir! Bəs gələcəklə bağlı hədəfləriniz nələrdir?
-General olmaq istəməyən əsgər yaxşı əsgər ola bilməz. Mən də istəyirəm daha yüksək vəzifədə olum, amma arada düşünürəm ki, nə olursa olsun, mütləq ibtidai sinif müəllimliyində qalmalıyam. Çünki harada olsam da, uşaqlar üçün darıxacam.
Təsəvvür edin, məktəbin qapısından içəri daxil olanda, uşaqlar adamın qarşısına qaçır. Bunu qoyub hara getmək olar?
-Siz bu cür fərəhlə danışdıqca, adamın könlü xoş olur. Amma çoxları sizin kimi düşünmür. Kişiləri ibtidai siniflərdə çox az görürük. Bəlkə maddi vəziyyətlə əlaqədar, bəlkə də uşaqlarla empatiya qurmaqda çətinliklə... Bəs siz necə düşünürsünüz?
-Mən özüm də təsdiq edirəm ki, ibtidai siniflərdə qadın müəllimlər olsa, daha yaxşı olar. Çünki bəzən uşağa elə qayğı göstərmək lazım olur ki, onu etməkdə kişilər çətinlik çəkə bilir. Düzdür, artıq biz öyrəşmişik. Onlara valideyni kimi yanaşırıq, uşaqlara ana qayğısı göstəririk.
-Uşaqlarla bağlı yaşadığınız çətin bir an olubmu, hansısa yıxılsın, ağlasın?
-Olub. Hazırlıq sinfinə, yaxud da 1-ci sinfə gələn uşaqlar sinifdə ağlayırlar. Biz bu zaman valideyn qayğısı, nəvazişi və sığalı ilə onları sakitləşdirir, bağrımıza basırıq.