AZ

"Təhsil proqramlarının qəbul edilməsi yaddan çıxıb" - AÇIQLAMA

Bəzi valideynlər hesab edir ki, kurikulum sistemi şagirdlər üçün çətinliklər yaradır və onların sərbəst düşünmə, ünsiyyət qurma bacarıqlarını məhdudlaşdırır. Keçmiş təhsil naziri Firudin Cəlilov da saytımıza açıqlamasında bildirib ki, "kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər".

Bəs kurikulumu hansı təhsil proqramı ilə əvəz etmək lazımdır ki, həm şagirdlər, həm də elə müəllimlər çətinlik çəkməsin?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, dünyanın bir çox ölkələrində təhsil kurikulum standartları və dərin kurikulum məzmunları əsasında təşkil olunur:

"Artıq kurikulum özü də yeni model hesab olunmur. Dünyanın çağdaş təhsil meyilləri yeni məzmun standartlarına, yeni təhsil modellərinə ehtiyac duyur. Biz hələ ki, kurikuluma tam adaptasiya oluna bilməmişik. Kurikulumun məzmun standartları, tələbləri, həyati tətbiq modeli, yaddaşdan təfəkkürə, informasiyadan, faktdan onun təhlilinə yönəlik şərtləndirmələri çox təəssüf olsun ki, bizim təhsil üçün çətin görünməkdədir. Bu baxımdan keçmiş təhsil naziri Firudin Cəlilovun açıqlamasını nisbətən haqlı saymaq olar. Amma şəxsən mən bunu öz adımdan tam da haqlı hesab etmirəm. Bu gün biz kurikulumu bir kənara qoyacağıqsa, onu təhsilimizdən çıxaracağıqsa, onu nə ilə əvəz edək?"


Ekspert bildirdi ki, problemi demək azdır, əsas məsələ həmin problemin çıxış yolunu səsləndirməkdir.

"Hörmətli professorumuz, keçmiş təhsil naziri Firudin Cəlilov başqa hansı formanı təklif edir? Tutalım, kurikulumı çıxardıq, onun əvəzinə təklif olunan mexanizm nədir? Bu sualın cavabı mənə çox maraqlıdır. Hazırkı kurikulumun məzmun standartları dünya təhsilinin çağdaş tələblərinə tamamilə cavab verir. Düzdür, bu bizdə nə dərəcədə tətbiq olunur, nə dərəcədə keçərlidir, məktəblərimiz kağız üzərindəki kurikulum standartlarına nə dərəcədə ayaqlaşa bilir, bu bir kənara. Amma kurikulum özünün məzmun və forma funksionallığına görə çox vacibdir. Biz kurikulumu silib atmaqdansa, kurikulum məzmun standartları əsasında təhsili tətbiq etməyi daha üstün tutmalıyıq. Necə etməliyik ki, kurikulumun yazılmış məzmun standartları ilə hazırkı təhsil prosesi uyğunluq təşkil etsin, onlar arasında uçurum olmasın, o uçurumu necə aradan qaldıraq? Bunları düşünmək lazımdır. Çox istərdim ki, bu gün kurikulumun ləğvi yox, məhz mən dediyim məsələ – aradakı uçurumun qapadılması, problemin aradan qaldırılması diqqətdə olsun. Çünki kurikulumun məzmun standartları bütün fənnlərdə, bütün siniflər üçün yazılmış standartlar unikaldır. Yəni tətbiq olunan, keçilən kurikulum yox, yazılan kurikulum unikaldır. Kurikulumun dünya üzrə funksionallığı və missiyası nədirsə, biz də bunu yazmışıq. Amma əsas məsələ tətbiq məsələsidir. Çox istərdim ki, biz məzmun standartları əsasında düşünək", - E.Nuri dedi. 

Digər təhsil eksperti  Elşən Qafarov isə bildirdi ki, kurikulum təhsil proqramı olduğu üçün o, təhsildən çıxarıla bilməz:

"Təhsilin əsas komponentlərindən biri təhsil üzrə dövlət standartı və təhsil proqramları, dərslikləri, təhsil texnologiyalarıdır. Yəqin ki, Firudin müəllim hal-hazırkı təhsil proqramlarının - kurikulumların əvəzlənməsindən danışır. Təhsili kurikulumsuz təsəvvür etmək olmaz. Təhsil proqramları əlçatan deyil və bu təhsil proqramları xaricdən kopyalandı, xüsusilə də Amerikanın kurikulumlarının təhsil proqramları kopyalandı. Müəllimlərimizin hazırlıq səviyyəsi proqramların tədrisinə imkan vermirdi. Üstəlik, burada qiymətləndirmə də çox əlçatan deyil və nəticə etibarilə bu təhsil proqramlarının, kurikulumların tətbiq edildiyi 17 il ərzində təhsilimizdə çox ciddi problemlər yaşanmağa başladı".

Ekspert hesab edir ki, artıq yeni təhsil proqramlarının qəbul edilməsinin vaxtıdır:

"Çünki dövlət standartları dəyişdikcə, həmin dövlət standartlarına uyğun olaraq da yeni təhsil proqramları tətbiq edilməlidir. Sonuncu dəfə 29 sentyabr 2020-ci ildə Nazirlər Kabinetinin 361 saylı qərarına əsasən yeni dövlət standartları qəbul edilib. Amma bizim hal-hazırda həmin dövlət standartlarına uyğun olaraq təhsil proqramları hazırlamaq yaddan çıxır. Dövlət standartlarını Nazirlər Kabineti təsdiq edir, təhsil proqramlarını isə Elm və Təhsil Nazirliyi təsdiq edir".

Elşən Qafarovun sözlərinə görə, yeni təhsil proqramlarına ehtiyac var:

"Yeni təhsil proqramları, yeni kurikulumlar qəbul edilərkən ilk növbədə onların əlçatanlığı və istər müəllimlər, istərsə də şagirdlər üçün həyata keçirilməsi, mənimsənilməsinin rahat olması nəzərə alınmalıdır. Hal-hazırda ümumtəhsil üzrə sonuncu dəfə dövlət standartları 2020-ci ildə qəbul edilməsinə baxmayaraq, ümumtəhsil proqramları, kurikulumlar isə hələ 2010-cu ildə qəbul edilmiş proqramlar olaraq həyata keçirilir. Və elə sizin sayt vasitəsilə üzü Elm və Təhsil naziri Emin Əmrullayevə tutub demək istəyirəm ki, ölkə təhsili layihələr, imtahanlar, təlimlər keçirən bir quruma çevrilib. Amma təhsilin əsas komponenti olan təhsil proqramlarının qəbul edilməsi yaddan çıxıb. Hər halda sizin vasitənizlə bunu Elm və Təhsil Nazirliyinə xatırlatmaq istərdim"- deyə ekspert bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

2
Seçilən
11
redaktor.az

1Mənbələr