AZ

Metro stansiyalara hansı adlar verilə bilər?

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiqləndi. Tədbirlər Planında “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar ölkədə adsız zirvələrə, Bakı şəhərində və digər böyük şəhərlərdə prospekt, küçə, meydan və müvafiq ərazi vahidlərinə, metro stansiyalarına yeni adların verilməsi nəzərdə tutulub.

Yeni adlar veriləcək metro stansiyaları arasında “Gənclik”, “Xalqlar Dostluğu”, “Ulduz” stansiyalarının yer alacağı düşünülür. Buna səbəb bu stansiyaların adlarının artıq əhəmiyyətini itirməsi göstərilir.

Məsələ ilə bağlı Milli Məclisin sədr müavini Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi bu Tədbirlər Planı böyük tarixi və siyasi əhəmiyyət daşıyır:

“2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, bu çərçivədə Tədbirlər Planının təsdiq edilməsi müxtəlif qurumların qarşısında ciddi vəzifələr qoyur. Tədbirlər Planında nəzərdə tutulan məsələlərin həyata keçirilməsi konstitusiyamızın və dövlət suverenliyimizin daha geniş təbliğinə gətirib çıxardacaq. Cənab Prezidentimiz İlham Əliyev həmişə nitqlərində söyləyir ki, vətəndaşlar da öz təkliflərini irəli sürsün. Belə bir müraciət vətəndaşlarımızın dövlət işlərində iştirakının formalarından biridir. Ona görə də, metro stansiyaları və küçələrlə bağlı müxtəlif fikirlərin səsləndirilməsinə normal baxmaq lazımdır. Bu bizim insanlarımızın öz düşüncələrini bildirməsidir.”

Qeyd edək ki, adının dəyişdirilməsi təklif edilən metro stansiyalarından biri olan “Xalqlar Dostluğu” stansiyası Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Bu stansiyanın adı açıldığı tarixdən (28 aprel 1989-cu il) dəyişdirilməyib.

M. Qasımlı hesab edir ki, xalqların dostluğu Sovet dövrü ilə bağlı məsələ deyil:

“Xalqlar arasında dostluq yaxşıdır, xalqlar nə qədər mövcud olacaqsa, onların arasında dostluğu təbliğ etmək faydalıdır.”

Professor bildirib ki, “Ulduz stansiyasının adının dəyişdirilməsi barədə müvafiq qurumlar düşünə bilərlər.

O əlavə edib ki, həm metronun indiki bəzi stansiyalarına, həm də gələcəkdə tikiləcək stansiyalara tarixi şəxsiyyətlərimizin adının verilməsi daha düzgündür.

“Onların adlarının hər dəfə stansiyada səsləndirilməsi milli dövlətçilik duyğularının artmasına kömək edər. Eyni məsələləri küçə və prospekt adlarına münasibətdə də söyləmək lazımdır. Bəzi küçə adlarından tək Bakıda deyil, ölkəmizin digər şəhər və rayonlarında da imtina edilməsi, milli dövlətçilik, vətənpərvərlik ruhu aşılayan adların verilməsi faydalı olar. Xüsusən məhşur dövlət adamlarımızın, hərbçilərimizin adlarına metro stansiyalarının, küçə və meydanların olması milli dövlətçilik və vətənpərvərlik ruhu, tərbiyəsi baxımından əyani vasitə olar. Hesab edirəm ki, Cənab Prezidentimizin imzaladığı Tədbirlər Planı hər yerdə - ən ucqar dağ kəndlərində, məktəblərdə geniş təbliğ olunmalıdır. Müəyyənləşdirilən müvafiq tədbirlər həyata keçirilməlidir.”

Qeyd edək ki, ölkədə adı dəyişdirilən sonuncu metro stansiya "Koroğlu"dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Əzizbəyov" olub. 6 il öncə, 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb.

Adları dəyişdirilən digər stansiyalar arasında "20 Yanvar" stansiyası da var. 1985-ci ildə "XI Qızıl Ordu Meydanı" adı ilə fəaliyyətə başlayan bu stansiyanın adı 20 yanvar hadisələrindən 2 il sonra, 27 aprel 1992-ci ildə "20 Yanvar"la əvəzlənib.

"Xətai" metro stansiyası Sovet dövründə “26 Bakı komissarları”nın liderlərindən olmuş Stepan Şaumyanın adını daşıyırdı. 1968-ci il 22 fevral tarixində açılan "Şaumyan” metrostansiyasının adı 1991-ci ildə dəyişdirilib.

İndiki "28 May" stansiyası əvvəl "28 Aprel" adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib. 1972-ci ildən fəaliyyətə başlayan "Avrora" stansiyası 27 aprel 1992-ci ildən "Qara Qarayev" adlandırılıb. "26 Bakı Komissarı" stansiyasının adı isə 9 aprel 1992-ci ildə "Sahil" olub.

"Bakmil" stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü iltarixindəhəmin ad "Bakmil" adı ilə əvəzlənib.

"Bakı Soveti"nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində "İçәrişәhәr" adı ilə əvəzlənib.(teleqraf)

Seçilən
27
avtosfer.az

1Mənbələr