Son zamanlar Azərbaycan və İran arasında münasibətlərin normallaşması müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranın ali dini lideri Ayətullah Əli Xamenei və Prezident Məsud Pezeşkianı təbrik etməsi bu fonda diqqət çəkib.
Bəzi ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevın fevralın əvvəlində Tehrana səfəri və bir sıra rəsmi şəxslərlə görüşündən sonra bu istiqamətdə artıq müəyyən siqnallar verilirdi. Mövcud geosiyasi vəziyyətdə Bakı və Tehranın gərginliyi azaltmağa razılaşdığı deyilir.
Hazırkı proseslər çərçivəsində Pezeşkianın Bakıya səfəri gözlənilə bilərmi? Hacıyevin səfərindən sonrakı vəziyyətdə daha hansı məqamlar diqqət çəkir?
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, İran-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini Prezident İlham Əliyevin İslam İnqilabının ildönümü münasibətilə dini lider Əli Xameneiyə məktubunda aydın görmək mümkündür:
“Tərəflər ziddiyyətləri kənara qoyaraq, işləmək, əməkdaşlığı dərinləşdirmək istəyir, xüsusilə rəsmi Bakıda belə bir siyasi iradə mövcuddur. Prezident məktubunda qeyd edir ki, “mövcud imkanlardan yararlanaraq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə nail ola bilərik”. Bu, Azərbaycanın İrana uzatdığı dost əli – əməkdaşlıq mesajıdır.
Tehranın sərgilədiyi normallaşma mövqeyi isə birmənalı görünmür, çünki zaman-zaman Azərbaycana qarşı müəyyən hücumlar davam edir, sadəcə olaraq, intensivlik azalıb. Fikrimcə, bu, İran siyasi elitasındakı qruplaşmaların yanaşmasından qaynaqlanır. Müəyyən qruplar Azərbaycanla əməkdaşlığın dərinləşməsinə qarşı çıxır, məsələ ilə bağlı həm praktiki, həm də informasiya müstəvisində təxribatlar törədir”.
Ekspertin sözlərinə görə, son olaraq İranın dini-klerikal dairələrində Bakının hədəfə alınması da buna xidmət edirdi:
“Lakin Pezeşkian hakimiyyətinin normallaşma prosesini dəstəklədiyi görünür. Bakı-Tehran arasındakı təmaslar da bu yöndədir. Düşünürəm ki, münasibətlərin normallaşması, əməkdaşlığın dərinləşməsi üçün siyasi iradə mövcuddur. Məsələ həmin iradəni praktiki müstəviyə keçirmək, real addımlar atmaqdır ki, Azərbaycanbuna hazırdır”.
A.Nərimanlı qeyd edib ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin Tehran səfəri də belə nümunələrdəndir:
“Məhz bu səfərdən sonra Pezeşkianın Azərbaycana səfəri gündəmə gəlib, çünki tərəflər arasında problemlərin dialoq yolu ilə həll edilməsi istəyi var. Prezident İlham Əliyev də ilin əvvəlində yerli telekanallara müsahibəsində İranın yeni hakimiyyəti ilə əyani görüşün olmadığını vurğulamışdı. Mümkündür ki, Pezeşkian Bakıya səfərlə zəruri təmasların yaradılması, münasibətlərin normallaşması istiqamətində praktiki addımların atılmasına çalışsın.
Lakin İran-Azərbaycan münasibətlərində bir məsələ problematik olaraq qalır. Bu, İranın siyasi elitasında Bakı-Tehran münasibətlərinə qarşı olan qrupların fəaliyyəti və normallaşmaya qarşı törədə biləcəkləri təxribatlardır. İran Azərbaycanla münasibətlərdə həmin qrupların təxribatlarını da diqqətə almalıdır”.
Turan Rzayev
Mənbə: globalinfo.az