İdarənin işçilərindən narazılıq gəldi…
«Təzadlar»ın elektron poçtuna daxil olan şikayət məktubudan sətirlər:
"Hörmətli redaksiya! 2024-cü ilin noyabr ayında Goranboy rayon Statistika İdarəsində aparılmış cari təmir işləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin taleyindən narahatıq. Bildiririk ki, son vaxtlar ölkəmizin bütün regionlarında aparılan quruculuq işləri öz miqyası və görülən işlərin keyfiyyəti ilə hər kəsin fərəhinə səbəb olur. Əlbəttə ki, bu məqsədlərə ayrılan dövlət vəsaitlərinin məqsədyönlü şəkildə, birbaşa təyinatı üzrə xərclənməsinə dövlət nəzarətinin gücləndirilməsi görülən işlərin keyfiyyətinə birbaşa təsir göstərir. Xüsusilə ölkəmizdə bu gün geniş vüsət almış və dövlət büdcəsi hesabına aparılan bərpa, təmir və tikinti işlərində əliəyriliyə, mənimsəmə hallarına yol verən məmur və digər məsul şəxslərin müəyyən edilərək ciddi şəkildə cəzalandırılmaları istiqamətində atılan addımlar təbii ki, öz nəticəsini verir. Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində demişdir: “Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq.”
Dövlət başçısının bu prinsipial mövqeyi ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizədə təkcə vəzifəli şəxslərin deyil, bütün vətəndaşların səfərbər olmasını və vahid cəbhədən çıxış etməsini şərtləndirir. Lakin təəssüflər olsun ki, bu gün bəzi regionlarda hələ də özünü ictimai və dövlət nəzarətindən kənarda hiss edən məmurlara rast gəlinir. Belə arxayınlaşmalar isə həmin vəzifə sahiblərinin dövlət vəsaitlərinin mənimsənilməsi kimi ağır cinayət əməllərinə yol vermələrinə gətirib çıxarır.
Bildiririk ki, Goranboy rayon Statistika İdarəsinin cari təmir işlərinin görülməsi zamanı yol verilmiş nöqsanlar və çatışmazlıqlar bizi narahat edir, hesab edirik ki, bu məsələdə dövlət vəsaitlərinin mənimsənilməsi halları vardır. Belə ki, cari təmir üçün Goranboy rayon Statistika idarəsi Podratçı “YO-TQ” MMC adlı tikinti müəssisəsi ilə işlərin görülməsi üçün müqavilə bağlanmışdır. Sonradan bizə məlum oldu ki, idarənin rəisi Səxavət Qədirov cari təmir işlərinin icrasını tikinti müəssisinə deyil, öz üzərinə götürmüşdür. Belə ki, MMC-nin adı sənədlərdə getsə də, təmir işləri Statistika İdarəsinin rəhbəri tərəfindən günəmüzd şəkildə gətirilmiş ixtisassız fəhlələr (bəzləri isə həmkəndliləri olmaqla) qeyri-peşəkarlıqla, ümumilikdə, 15 nəfərdən yuxarı işçilər tərəfindən qismən yerinə yetirilmişdir.
Qismən görülmüş işlərdən və “YO-TQ” MMC-nin rəhbərliyindən heç kimin tikinti materiallarının alınmasında, tikinti ərazisinə gətirilməsində iştirak etməməsindən belə məlum olur ki, ümumiyyətlə, 2024-cü ilin noyabr ayında işlər görülərkən həmin 15 nəfərdən yuxarı işçilərlə cəmiyyət arasında heç bir əmək müqaviləsi də bağlanmamış, materilların alınması tikinti təşkilatınin vasitəsi ilə təşkil edilməmişdir. Bizə aydındır ki, işçilərlə tikinti təşkilatının arasında əmək müqaviləsinin bağlanmaması qanunsuzluqdur. Eləcə də dövlət büdcəsinə sosial ödəmələr həyata keçirilməmişdir. İşlər qismən Səxavət Qədirov tərəfindən aparılaraq, dövlət vəsaiti bu mənada düzgün xərclənməmişdir. Bu da inkişaf etməkdə olan dövlətimizə, Yeni Azərbaycan Partiyasının nüfuzuna qəsd kimi qiymətləndirilməlidir. Ümid edirik, Statistika Komitəsinin sədri hörmətli Tahir Budaqov bu məsələyə biganə yanaşmayacaq, belə insanların sıralarında fəaliyyət göstərməsinə imkan verməyəcəkdir.”
«Təzadlar»dan: şikayətdə göstərilən xüsusatların araşdırılması və mövqe bildirilməsi üçün çapa hazır vəziyyətdə olan yazını Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə, eləcə də Goranboy rayon Statistika İdarəsinin elektron poçtuna göndərilmişdir. Əlavə məlumat veriləcək.
«Təzadlar»ın Araşdırma Qrupu
P.S.Kiçik bir araşdırma apardıq. Məlum olur ki, Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən 09.11.2019-cu ildə kommunal və kommunikasiya xidmətləri ilə bağlı digər xərclərin satınalınması üzrə 27796.47 manat dəyərində “YO-TQ” MMC ilə (HAŞİYƏ: nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Səfərov Yunis Məmməd oğlu olan MMC-nin hüquqi ünvanı Goranboy rayonu, Xanqərvənd kəndi göstərilib) bu MMC tenderi udub. Gəncə Regional Mədəniyyət İdarəsinin keçirdiyi başqa bir tenderdə isə yenə də Səfərov Yunis Məmməd oğlu 10 manat nizamnamə kapitalı olan “Yunisoğlu” MMC-nin qanuni təmsilçisi kimi tenderdə qalib olub. Bu dəfə isə hüquqi ünvanı Gəncə şəhəri, M.Y.Axundzadə, ev 43 1-ci döngə göstərilir... Çox maraqlıdır...