“Doktorantlar apardıqları tədqiqat işlərini vaxtında çap etdirməlidir”.
Bu barədə AzEdu.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professor qeyd edib ki, doktorantların elmi rəhbərlə əməkdaşlığı çox vacibdir:
“Doktoranturanın müsahibə mərhələsinin uğurlu keçməsi üçün nə etmək lazımdır? İlk növbədə motivasiya olmalıdır. Yəni doktorant elə bir mövzu seçməlidir ki, onu işləməkdən zövq alsın. Həmçinin, həmin mövzu cəmiyyətə faydalı olmalıdır. Buna görə də mövzunun aktuallığı əsas məsələlərdən biridir. İkinci vacib məsələ isə vaxtın düzgün idarə edilməsidir. Prioritetlər müəyyən edilməli və diqqət yönəldilməlidir ki, “hansı işə əvvəlcə ağırlıq verməliyəm?”.
Daha sonra əməkdaşlığa xüsusi diqqət yetirilməlidir. Çünki elmi rəhbərlə əməkdaşlıq çox əhəmiyyətlidir. Bu gün həm işləmək, həm də oxumaq mümkün deyil. Dünyada belə bir şey yoxdur ki, “mən həm oxuyacam, həm də işləyəcəm”. Doktorantura müddətində sən universitetdə olmalısan. Axı, dövlət sənə maliyyə dəstəyi verir. Niyə əlavə işdə olmalısan ki? Bu mümkünsüzdür. Sən seminarlarda iştirak etməlisən.
Mən Leninqradda görmüşəm ki, gələn doktorant müdafiə ərəfəsində kitabxanaya gəlib deyir ki, “mən filan mövzuda çıxış etmək istəyirəm”. Onunla bağlı elan verilir ki, filan şəxsin çıxışı olacaq. Bu çıxışı dinləmək üçün yüzlərlə insan gəlir. Bu həm həmin şəxsi tanıtmağa, həm də mövzu ilə əlaqədar yeni əlaqələr qurmağa səbəb olur. Mən inanıram ki, bizim kitabxanamızda da bu cür sistem tətbiq oluna bilər. Hazırda bizdə bu ənənə yoxdur.
İnsanlar artıq çevik olmalıdır. Müasir dövrün şərtlərinə uyğunlaşmalıdırlar. Bundan əlavə, mütləq vaxtında nəşr edilmiş əsər olmalıdır. Odur ki, doktorantlar apardıqları tədqiqat işlərini vaxtında çap etdirməlidir. Bu, olduqca vacib bir məsələdir".