AZ

İşçilərin siqaret çəkməsi qadağan olunmalıdırmı? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, içərisindən siqaret kötüyü çıxdığı iddia olunan çörəyin emal olunduğu müəssisədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Çörəkdən siqaret kötüyünün çıxması ilə bağlı sosial şəbəkədə ciddi şəkildə etirazlar da edilir. Bəziləri siqaret çəkən şəxslərin işə götürülməməsi ilə bağlı qanunun qəbul edilməsini tələb edirlər. Xüsusilə strateji qida məhsulları istehsal olunan iş yerlərində siqaret çəkən şəxslər olmamalıdır deyə bildirirlər.

Bu cür hadisələrin qarşısını almaq üçün müəssisələrdə hansı nəzarət mexanizmləri mövcuddur və onlar yetərlidirmi? Strateji qida məhsulları istehsalında çalışan işçilər üçün xüsusi tələblər varmı? Siqaret çəkən şəxslərin işə götürülməməsi qanunla tənzimlənə bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Qarabağ” ASC-yə məxsus çörək emalı zavodunun rəhbərliyi tərəfində rəsmi müraciət aldığını bildirib.

Onun sözlərinə görə, müəssisə rəhbəri məsələnin böhtan olduğunu və məhkəməyə müraciət edəcəyini vurğulayıb: “Mən bu məktubu Qida Təhlükəsizliyi Agentliyinə, müəyyən saytlara göndərdim. Onlar məni inandırmağa çalışdılar ki, bu böhtandır. Bildirirdilər ki, həmin müəssisə ilə bazarda rəqabətdə olan başqa bir müəssisə bazara yerləşmək istəyir. Ona görə də onlara böhtan atırlar. Doğrusu, 200-250 dərəcə temperaturda bişən çörəyin içərisindən siqaret kötüyünün çıxması mənə də inandırıcı gəlmir. Çünki çörək sexlərində antisanitariya baxımından vəziyyət ildən ilə yaxşıya doğru dəyişir. Lakin Qida Təhlükəsizliyi Agentliyinin apardığı yoxlama məni digər qənaətə gətirdi. Çörəyin içərisindən siqaret kötüyünün çıxmasını böhtan kimi nəzərə alsaq belə faktiki olaraq həmin müəssisədə antisanitariya vəziyyəti hökm sürür. Belə bir nəticə məni də məyus etdi. Çünki televiziya verişlərində belə bu məsələnin böhtan olduğunu dəstəkləmişən. Ona görə də Qida Təhlükəsizliyi Agentliyinin apardığı işi çox yüksək qiymətləndirirəm”.

E.Hüseynov qeyd edib ki, işçilərin işə götürülərkən siqaret çəkmə məsələsi heç bir qanunvericiliklə tənzimlənmir: “Qeyd edim ki, siqaret çəkənin kötüyü ora atması çox nadir hallarda baş verə bilər. Düzdür, bizim ofisimizdə içərisindən 10 santimetr bolt çıxan dietik çörək nümunəsi var. Hətta illər öncə çörəyin içindən insan dişi çıxması ilə bağlı da şikayətlər olub. Təxminən üç il bundan öncə isə eyni çörək zavodundan çörəyin içindən qadın saçı çıxması ilə bağlı bizə məlumatlar gəlirdi. Bununla bağlı araşdırma apardıq. Məlum oldu ki, bir neçə nəfər əlbir olublar. Onlar saçı iynə ilə isti çörəyin içinə keçirərək sıxıb buraxıblar. Nəticədə də tük onun içərsində qalıb. Bu yolla çörək istehsalçısından şantaj yolu ilə pul alırlarmış. Biz həmin qrupu ifşa etməyə nail olduq. Təəssüf ki, belə hallar da mövcud olur. Çörək və digər şirniyyat sexlərində işə götürənin siqaret məsələləri ilə bağlı heç bir normativ sənədi yoxdur. Lakin istənilən istehsal müəssisələri üçün müəyyən gigiyenik tələblər mövcuddur. Məsələn, çörək sexində işləyən qadınların boynunda boyunbağı, qulağında sırğa, saçlarının isə açıq olması əlbəttə yol verilməzdir. Təəssüf ki, belə hallar mövcuddur. Yaxşı ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələ üzrə monitorniq aparıb və ictimailəşdirib”.

Nailə Qasımova
Medianews.az

Seçilən
19
medianews.az

1Mənbələr