Fevralın 12-i səhər saatlarında paytaxt Kiyev başda olmaqla Ukraynanın bir sıra şəhərlərinə güclü raket hücumları olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından "Report"un Şərqi Avropa bürosuna bildirilib ki, 6 ballistik raket havada məhv edilib: "Rusiyanın Bryansk vilayətindən 6, Krımdan isə 1 raket atılıb. 6 ədəd “İsgəndər-M” ballistik raketinin (S-400 hava hücumundan müdafiə raket sistemləri) vurulması qeydə alınıb. Həmçinin 123 pilotsuz uçuş aparatı (PUA) hücumu olub, onlardan 71-i vurulub, daha 40 PUA isə heç bir mənfi nəticə olmadan zərərsizləşdirilib".
"Hücumlar Ukraynanın Kiyev, Dnepropetrovsk, Sumı, Poltava və Çerniqov vilayətlərini əhatə edib", - məlumatda bildirilir.
Ukrayna Fövqəladə Hallar Xidmətinin (FHX) rəsmisi Pavlo Petrov "Report"a bildirib ki, ən çox zərbələr Kiyevdə olub: "İndi Obolonski rayonunda olduğumuz yerdə zərbələr nəticəsində təəssüf ki, bir nəfər ölüb, 4 nəfər yaralanıb, o cümlədən hazırda xəstəxanada olanlardan biri 9 yaşlı uşaqdır. Yanğınlar da söndürülüb. Raketlərdən qalan partlayıcı hissələr zərərsizləşdirilir".