AZ

Tehran Vaşinqtonla danışıqlardan imtina edir: "ABŞ diplomatiya dilini anlamır" – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mohacirani ABŞ-ın diplomatik danışıqlara uyğun davranmadığını bildirərək, Tehran administrasiyasının Vaşinqtonla heç bir müzakirə aparmayacağını bəyan edib.

"Danışıqlar müəyyən şərtləri nəzərdə tutur. Güc dili və elan edilən maksimum təzyiq siyasəti heç bir müzakirəni asanlaşdıra bilməz. Qarşı tərəf (ABŞ - TASS) diplomatiya dilini anlamadığı üçün onlarla istənilən danışıqlara 'yox' deyirik. Dünya görüb ki, İranın səyləri nəticəsində Birgə Hərtərəfli Fəaliyyət Planı imzalandı, lakin bu razılaşma ABŞ-ın birtərəfli çıxışı ilə sona çatdı," - deyə Mohacirani SNN telekanalında yayımlanan mətbuat konfransında vurğulayıb.

ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı suala cavab verən hökumət sözçüsü qeyd edib ki, maksimum təzyiq siyasəti gözlənilən idi və Tehran bu istiqamətdə öz planına malikdir.

Fevralın 4-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaların gücləndirilməsi üçün sərəncam imzalayıb. Bu addım xüsusilə İranın neft ixracını azaltmağa yönəlib. Bununla yanaşı, Tramp İran Prezidenti Məsud Pezeşkiyanla görüş imkanını istisna etməyib və "İranla razılaşmaya nail olmaq istədiyini" bildirib.

Fevralın 7-də İranın ali dini lideri Ayətullah Əli Xamenei Vaşinqtonun Tehrana qarşı əvvəlki addımlarına görə ABŞ-la danışıqların mümkün olmadığını bəyan edib. O 2015-ci ildə ABŞ və İran arasında imzalanan nüvə sazişinin (Birgə Hərtərəfli Fəaliyyət Planı) həyata keçirilmədiyini, sanksiyaların qaldırılmadığını və 2018-ci ildə Vaşinqtonun birtərəfli qaydada razılaşmadan çıxdığını xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr