AZ

Prezidentin Çin mediasına müsahibəsi - Dünyaya sülh, əməkdaşlıq çağırışları

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Prezident İlham Əliyev müsahibələrində regional və qlobal məsələlərlə bağlı ismarışlar da verir. Bu, həm də dünya və bölgə məsələlərinə rəsmi Bakının mövqeyi sayıla bilər.
O, yanvarın 20-də İsveçrənin Davos şəhərində iqtisadi forumda iştirakı çərçivəsində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib.
Dövlət başçısı Azərbaycanın bir sıra ölkələrlə əməkdaşlığından, tərəfdaşlığından, münasibətlərindən, eləcə də geniş spektrli mövzulardan bəhs edib.
Prezident Azərbaycan-ABŞ əlaqələrindən danışarkən bildirib ki, son dörd ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, Trampın ABŞ-yə öncəki rəhbərliyi zamanı da əlaqələrimiz çox uğurla inkişaf edib.
Dünyanın aparıcı, iqtisadi cəhətdən supergüclərinin Cənubi Qafqazda yürütdükləri siyasətin uğuru Azərbaycanla münasibətdən daha çox asılıdır. Bunun bir çox səbəbləri var. İlk növbədə, Azərbaycan bəzi cəhətlərinə əsasən, həm də Yaxın Şərq ölkəsidir. Bundan başqa, neft və təbii qaz istehsalçısı, habelə beynəlxalq əhəmiyyətli nəqliyyat xətlərinin keçdiyi ölkədir. Bu istiqamətdə mövcud və gələcək layihələrdə onun rolu, töhfəsi danılmazdır.
Azərbaycan bəhs etdiyimiz və başqa məsələlər üzrə ABŞ ilə əməkdaşlıq edir. Ancaq erməni lobbisinin Azərbaycana qarşı sifarişlərinin icraçısı kimi Cozef Baydenin prezidentliyi dövründə ölkələr arasında münasibətlərdə müəyyən gərginliklər yaşanıb.
Prezident İlham Əliyev Donald Trampın əvvəlki hakimiyyəti zamanı birgə işləri yüksək qiymətləndirib. O, Cozef Baydenin prezidentliyi dövrünü iki ölkə arasında münasibətlərdə itirilmiş dörd il olaraq dəyərləndirib.
Cozef Bayden ABŞ siyasi elitasında anti-Azərbaycan dəstəsinin nümunəsi, simvoludur. O, "907 saylı düzəliş"in müəlliflərindəndir. Bu baxımdan, Baydenin sonrakı davranış, çıxış və açıqlamaları ilə ermənilər qarşısında götürdüyü öhdəliklərə əməl etməsi məntiqidir. Başqa sözlə, ondan bundan artığını gözləmək sadəlövhlük olardı. Odur ki, sonrakı illərdə o, öhdəliklərinə əməl edib.
Onun prezidentliyi dövründə ABŞ Ermənistana hərbi yardımlar edib, maliyyə yardımı göstərib. Onlar öz aralarında strateji tərəfdaşlıq xartiyası imzalayıblar. Bayden administrasiyası Azərbaycana qarşı ən böyük yalanı və saxtakarlığı 2024-cü il aprelin 5-də edib. Həmin tarixdə Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ABŞ-Aİ-Ermənistan razılaşması imzalanıb.
Həmin razılaşmada Ermənistana hərbi yardım və onunla əməkdaşlıq məsələləri də nəzərdə tutulub.
Azərbaycan USAID-in fəaliyyətinə Baydenin prezidentliyi dövründə xitam verib. Çünki bu agentlik onun administrasiyası ilə anti-Azərbaycan fəaliyyətini birgə həyata keçirib. Başqa sözlə, USAID bu halda "axsaq atın kor nalbəndi" olub.
Siyasətdə "bəlkələr, əgərlər"lə fikir yürüdülməsə də, itirilən ötən dörd ildə iki ölkə regional və qlobal əhəmiyyətli layihələr həyata keçirə bilərdi. Elə ona görə də Prezident İlham Əliyev Baydenli illərin tarixə qovuşacağını vurğulayaraq, "biz yenidən başlayacağıq" deyib.
Dövlət başçısı Kanada və Avropa İttifaqı liderləri arasında Donald Trampın prezident seçilməsi ilə ciddi qeyri-müəyyənlik və narahatlığın yarandığını deməklə qlobal səviyyədə ismarışlar verib. O, həmin liderlərin seçkidə dəstəklədikləri namizədə dair məsələyə eyham edərək, Donald Trampın xarizmatik olduğunu, ABŞ-nin İttifaqda sözünün keçərliliyini, nüfuzunu bildirib:
"Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o istefa versin".
Dövlət başçısı Qərb liderlərinin Donald Trampa qarşı çox ədalətsiz olduqlarını deyərək bildirib ki, onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb.
Onun sözlərinə görə, Bayden hakimiyyəti ilə müqayisədə Donald Trampın prezidentliyində dünya daha təhlükəsiz ola bilər:
"Prezident Trampın ilk prezidentliyi dövründə ABŞ heç bir müharibəyə başlamadı. Əgər ABŞ-nin ən azı bir neçə onilliklər ərzində tarixinə nəzər salsaq, bu, nadir bir təcrübə idi".
Dövlət başçısı Azərbaycanla ABŞ əlaqələrindən danışaraq deyib:
"Biz əminik və nikbin fikirdəyik".
Bayden Azərbaycan üçün tarixdə yalnız erməni lobbisinin xidmətçisi kimi qalacaq, keçmiş SSRİ lideri Mixail Qorbaçov kimi. Sovet liderinə Nobel sülh mükafatı verilsə də, SSRİ-nin dağılmasında əsas rolu oynasa da, o, Azərbaycan xalqı üçün qatil və Qərbi azərbaycanlıların köçünün qarşısını almadığı üçün cani olaraq qalacaq.
Prezident İlham Əliyev bəzi müstəmləkə keçmişi olanları davranışlarına, başqa ölkənin işlərinə müdaxilə etməyə görə tənqid edərək deyib ki, onların bu hərəkəti olmazsa, münaqişələr, narazılıqlar, müharibələr olmaz:
"Bütün dünyada hələ də qeyri-sabit vəziyyətin olmasının və qan tökülməsinin yeganə səbəbi ondan ibarətdir ki, imperialist keçmişi olan ölkələr, sadəcə olaraq, müdaxilə etməyə, dominantlıq etməyə, diktə etməyə davam etmək istəyir və bu, təbii olaraq, müqavimətə gətirib çıxarır".
Son illər Fransa Ermənistandan alət olaraq istifadə etməklə Cənubi Qafqazı qarışdırmaq üçün Azərbaycana qarşı qarayaxma çıxışları edir.
Prezident qeyd edib ki, Azərbaycan özünü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olub:
"Əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, o zaman, sözsüz ki, onun müqavimət göstərmək və öz milli maraqlarını müdafiə etmək üçün daha az imkanı olacaq. İqtisadiyyat hər şeyin əsasını təşkil edir. İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı bizim layiq olduğumuz yerə gətirib çıxardı".
Dövlət başçısı bununla beynəlxalq ictimaiyyətə, imperialist və müstəmləkə keçmişi olanlara "Azərbaycanın daxili işinə qarışanlar müqavimətlə üzləşəcəklər" ismarışını verib. Cozef Bayden və Emmanuel Makronun yürütdüyü anti-Azərbaycan siyasəti buna örnək ola bilər.
Dövlət başçısı müsahibəsində dünyanın iki nəhəngi - Çin və ABŞ-nin bir-biri ilə münasibətini də dəyərləndirib.
O bildirib ki, Çin və ABŞ rəhbərlərinin yenidən təmasda olması dünya üçün yaxşı xəbər idi:
"Bu, dünya, dünya iqtisadiyyatı, sabitlik üçün yaxşı bir işarə, siqnaldır. Çünki Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir".
İlham Əliyev vurğulayıb ki, müxtəlif məsələlərdə Çin və ABŞ arasında konsensusun olması, qarşıdurmanın deyil, əməkdaşlığın olması, sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq.
Ermənistan, Fransa və başqaları Azərbaycanın müharibəyə hazırlaşdığına dair yalan, saxta məlumatlar, fikirlər, açıqlamalar yayırlar.
Azərbaycan lideri bu müsahibədə dünyanın qarşıdurmaya, bir-birinin daxili işinə müdaxiləyə, müharibəyə, təcavüzə deyil, həmişəki kimi, sabitliyə, sülhə, əmin-amanlığa, əməkdaşlığa ehtiyacının olduğunu bir daha diqqətə çatdırıb.
"Report" İnformasiya Agentliyi
Seçilən
43
1
oxu.az

10Mənbələr