Bakı, 12 fevral, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ötən ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü ildə fəaliyyətinin yekunlarına dair məlumat üzrə təqdimatla çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində mühüm işlərin görüldüyünü qeyd edib, həyata keçirilən tədbir və layihələr, hazırlanan təhlillər və əldə olunan nəticələrlə bağlı statistik göstəriciləri diqqətə çatdırıb.
Məişət zorakılığının qarşısının alınması ilə bağlı görülən işlər haqqında məlumat verən B.Muradova, ötən il bu istiqamətdə Komitəyə 594 müraciətin daxil olduğunu bildirib və əlavə edib ki, 2020-ci illə müqayisədə son 5 ildə məişət zorakılığı ilə bağlı daxil olan müraciət sayı 3,3 dəfə artıb.
B.Muradova qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində 8 sənəd layihəsinin təsdiq edildiyini, Komitəyə müvafiq qurumlardan daxil olan 12 sənəd layihəsinə rəy və təkliflərin verildiyini, 31 fərman, dövlət proqramı, strategiya və milli fəaliyyət planının icra edildiyini, 4 müxtəlif mövzuda hesabat və təhlilin hazırlandığını vurğulayıb.
COP29 çərçivəsində “Uşaqlar, gənclər və iqlim fəaliyyəti” mövzusu üzrə keçirilən dəyirmi masadan, “İqlim Dayanıqlılığı və Sülh Quruculuğunda Gənclərin Liderliyi”, “Şəffaflıqda Gender” mövzusunda yüksək səviyyəli tədbirlərdən bəhs edən sədr, ICESCO və Dövlət Komitəsi arasında əməkdaşlığa dair niyyət protokolunun imzalandığını bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, 2024-cü ildə Uşaq və Ailələrə Dəstək mərkəzlərinin xidmətlərindən 25354 nəfər faydalanıb, 890 ailəyə səfərlər təşkil edilib və 10 “Açıq qapı” günü keçirilib. Ötən il Komitəyə 3628 vətəndaş müraciəti daxil olub, 12 region üzrə qəbullar təşkil edilib.
B.Muradova vətəndaş cəmiyyəti institutları, kütləvi informasiya vasitələri ilə səmərəli əməkdaşlığın qurulduğunu vurğulayaraq, bu əlaqələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, media nümayəndələri tərəfindən daxil olan 198 müraciətin təmin edildiyini, jurnalist və blogerlərin iştirakı ilə təlim proqramlarının, media turların təşkil olunduğunu bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, dövlətin ailə, qadın və uşaq hüquqları istiqamətində siyasətinə uyğun olaraq, Naxçıvanda həyata keçirilən tədbir və layihələr barədə məlumat verib. O, ötən il ölkədə müvafiq sahədə qəbul edilmiş normativ hüquqi sənədlər, həmçinin dövlət proqramlarından irəli gələn vəzifələrin icrası istiqamətində bir sıra statistik göstəriciləri diqqətə çatdırıb.
Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə gender məsul şəxslərin fəaliyyətinin gücləndirilməsinin və bələdiyyələrə yeni seçilmiş qadınlara istiqamətlənən təlimlərin keçirilməsinin, gender komissiyalarının fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ilin birinci yarısı üçün qarşıda duran vəzifələrə dair təqdimatla çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verib.
Daha sonra məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun yaradılması ilə bağlı çıxış dinlənilib. Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət istiqamətləri qeyd olunub. Bildirilib ki, bu istiqamətlərə məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığının qarşısının alınması sahəsində monitorinqin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi və.s daxildir.
Sonra müzakirələr aparılıb və kollegiyanın gündəliyindəki məsələlər üzrə qərarlar qəbul edilib.
Yekunda çıxış edən Bahar Muradova, cari ildə də yeni istiqamətlərin müəyyənləşdirilərək, mühüm tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.