Futbol üzrə Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Riçard Almeyda ötən gün ayrıldığı “Qarabağ”la bağlı vida mesajı yayıb.
Arena.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli futbolçu öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanova xüsusi minnətdarlığını bildirib:
“Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Mən Tanrıya təşəkkür edirəm ki, mənim qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, mənim Xocam, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi…
Tanrı bilir ki, sən mənim ikinci atamsan. Mən səni sonsuza qədər sevəcəyəm. Çünki sən Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, Atam”.
O, daha sonra doğma klubu ilə bağlı qeydlərini yazıb: “Komandanın rəhbər şəxsləri, işçilər və bütün heyət üçün darıxacağam. Uca tanrı məni “Qarabağ” klubuna gətirməklə şərəfləndirdi. Bu komanda ilə kuboklar, medallar və bir çox nailiyyətlər əldə etdim, arzularım gerçəkləşdi. “Qarabağ”a daha da böyüməyi arzu edirəm. Hər şey üçün sonsuz təşəkkürlər, “Qarabağ!”
Xatırladaq ki, “Qarabağ” ötən gün 35 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Almeyda futbolçu karyerasını vətəni Braziliyada davam etdirəcəyini açıqlayıb.
2012-ci ildən “Qarabağ”da çıxış edən Riçard iki dəfə bu klubdan ayrılmasına rəğmən, yenidən Ağdam təmsilçisinə qayıdıb. Belə ki, o, 2012-2018, 2019 və 2021-2025-ci illərdə bu komandanın uğurları üçün çalışıb. Almeyda Azərbaycan çempionunun heyətində meydana çıxdığı 376 oyunda 64 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.
Almeyda Ağdam klubu ilə 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb.