AZ

Azərbaycan çoxqütblü dünyanın yaranmasının və inkişafının tərəfdarıdır - ŞƏRH

Bakı, 12 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində “çoxqütblü dünya, Ümumdünya Ticarət Təşkilatına üzvlük, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS-lə əməkaşlıq, ABŞ-də yeni Tramp administrasiyasının xarici siyasəti, Çin-ABŞ münasibətləri, Orta Dəhlizin perspektivləri, yaşıl enerji, Çinin artan iqtisadi gücü və Bakı-Pekin münasibətləri ilə bağlı məsələlərlə bağlı səsləndirdiyi fikirlər dövlətimizin daxili və xarici siyasətini, qarşıda duran hədəfləri əks etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, hazırda bəşəriyyət köhnə nizamın dağılması və yeni siyasi sistemin yaradılması mərhələsini yaşayır. Ölkəmiz də bu mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə özünəlayiq və təhlükəsiz yer tutmaq siyasəti həyata keçirir. Bununla bağlı coğrafi mövqeyinin verdiyi üstünlüklərdən, iqtisadi imkanlarından və insan kapitalından uğurla istifadə edərək Azərbaycan Çin, Mərkəzi Asiya, Avropa İttifaqı ölkələri və qardaş Türkiyə ilə bərabərhüquqlu əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri quraraq, gələcək siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, eyni zamanda, hərbi təhlükəsizliyini təmin edir. Prezident İlham Əliyevin “bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk. Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq” açıqlaması ölkəmizin gələcək planlarının göstəricisi olmaqla yanaşı, imkanlardan dost, müttəfiq ölkələrlə birgə faydalanmaq siyasətinə sadiqliyinin nümayişidir.

Ölkəmizin xarici siyasətində maraqlarımıza cavab verən beynəlxalq təşkilatlara üzv olmaq əsas prioritetlərdəndir. Ona görə də Şanxay Əməkdaşlıq Təşkilatına və BRICS-ə üzv olmaq hədəflərimiz arasındadır. Bu təşkilatlar təkqütüblü dünyaya alternativ olaraq yaradılıb. Azərbaycan çoxqütblü dünyanın yaranmasının və inkişafının tərəfdarıdır. Təkqütblü dünya bəşəriyyətin sərvətinin və imkanlarının bir neçə ölkə arasında talan edilməsinə gətirib çıxarır. Ona görə dövlətimizin xarici siyasəti dünyanın resurslarının, imkanlarının bərabər şəkildə, hamıya çatacaq qaydada bölünməsidir.

“Azərbaycan Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində əməkdaşlıqda mühüm imkanlara malik ölkə kimi bu sahədə uğurlu siyasət aparır. Hesab edirəm ki, dövlətimizin başçısının müsahibəsi CGTN telekanalının çoxmilyonluq izləyiciləri tərəfindən də rəğbətlə qarşılanıb və ölkəmizin tanıdılması, imkanlarının göstərilməsi, həmçinin Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir”, - deyə politoloq əlavə edib.

Seçilən
17
azertag.az

1Mənbələr