Bakı, 12 fevral, AZƏRTAC
Çinin CGTN telekanalının yanvarın 20-də Davosda Prezident İlham Əliyevdən aldığı və fevralın 11-də yayımladığı müsahibə beynəlxalq arenada diqqət qazanıb. Belə ki, bu müsahibə Azərbaycan-Çin münasibətlərini, həmçinin ölkəmizin mövcud xarici siyasət xəttinin motivlərini izah etməklə yanaşı, həm də qlobal siyasi proseslərdə aktual görünən bir çox suallara aydınlıq gətirir. Bu kontekstdə dövlətimizin başçısının çoxqütblü dünya düzəni, onun komponentləri, xüsusilə Qlobal Cənub və Qlobal Şimal arasında perspektiv münasibətlər barədə fikirləri önə çəkilir. Azərbaycan Prezidentinin Avropa İttifaqı, ABŞ və digər güc mərkəzləri, Yaxın Şərq regionunda cərəyan edən proseslər barədə məntiqli ideyaları ciddi maraq doğurur. Qısaca desək, CGTN telekanalında yayımlanan müsahibə mövcud qlobal ziddiyyətlər, onların səbəbləri və həlli üçün zəruri olan təkliflər barədə aydın təsəvvür formalaşdırır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
O bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu, sülh və əməkdaşlığı təmin edən strukturların nüfuzdan düşdüyü bir dövrdə dünyanı xilas edən yeni modellərin tapılıb müəyyənləşdirilməsi zərurəti ortaya çıxıb. Bu baxımdan Prezident İlham Əliyev Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynaya biləcək layihələr təklif edir. CGTN telekanalında yayımlanan müsahibədən belə nəticə çıxır ki, Azərbaycanın şaxələnmiş xarici siyasət kursu həm də bu məqsədlərə xidmət edir. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə yanaşı, həm də Çinlə strateji tərəfdaşlıq müqaviləsi bağlayıb. Türkiyə, Özbəkistan kimi ölkələrlə müttəfiqlik bəyannaməsi imzalayıb. Beləliklə, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzəryanı regionu geniş coğrafiyada sülh, sabitlik və əməkdaşlıq platformasına çevirən siyasət yürüdüb.
“Bu siyasət qlobal aktorlar, o cümlədən Çin tərəfindən yüksək qiymətləndirilir. İnam var ki, ABŞ-da Tramp komandasının hakimiyyətə gəlməsi, praqmatik siyasət yürüdən bir hakimiyyətin formalaşdırılması Azərbaycan-ABŞ münasibətlərini də yeniləyəcək. Azərbaycanın Donald Trampla birgə işləmək baxımından müsbət təcrübəsi var. Bu təcrübənin yenidən tətbiq edilməsi Azərbaycan və ABŞ xalqları ilə yanaşı, həm də qlobal və regional sülh prosesləri baxımından zəruridir.
Müsahibədə o da qeyd olunur ki, Azərbaycan-Çin münasibətləri 2024-cü ildən etibarən strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, iki ölkənin milli maraqlarına uyğun olmaqla yanaşı, həm də qlobal səviyyədə sülhün təmin edilməsi üçün töhfələr verir. Otuz il ərzində işğal altında saxlanılan torpaqlarını öz gücünə azad edən, СOP29 kimi möhtəşəm tədbirə ev sahibliyi edərək 200-ə yaxın ölkəni bir araya toplamağı bacaran Azərbaycan indi öz bacarıq və imkanlarını qlobal proseslərin həllinə yönləndirir. CGTN telekanalına verilən müsahibədə bu prosesin aydın konturları görünür”, - deyə ekspert vurğulayıb.