DOST xidmətləri şəbəkəsinin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi işləri aparılır. Naxçıvan şəhərində inşası davam edən Regional DOST Mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2024-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirilib. Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə muxtar respublikanın bütün rayon mərkəzlərində DOST filiallarının da fəaliyyət göstərəcəyini bildirib.
Nazirliyin Aparatı və qurumları üzrə xidmətlərin elektronlaşdırılması, proaktiv xidmətlərin yaradılması sahəsində atılan addımlardan, sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv qaydada təyinatı işlərindən bəhs olunub. Ötən il Naxçıvan MR-in Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2,2 minədək işsiz və işaxtaran şəxsin işlə təmin edildiyi, 210 nəfərin peşə hazırlığına cəlb edildiyi bildirilib.
Muxtar respublikada özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsi işlərinin aparıldığı vurğulanıb. Proqrama 2024-cü ildə əvvəlki ilə nisbətən 96 faiz çox olmaqla 1959 nəfərin cəlb olunduğu diqqətə çatdırılıb. Eləcə də ötən il muxtar respublikada imtiyazlı kateqoriyalara aid 24 şəxsin avtomobillə təmin edildiyi, növbəlilik reyestrində olan bütün şəxslərin avtomobillə təminatının başa çatdırıldığı qeyd edilib.
F.Bağırzadə nazirliyin digər fəaliyyət sahələri üzrə görülmüş işlərin nəticələrini də diqqətə çatdırıb, media nümayəndələrinin suallarını cavablandırıb.