AZ

Heydər Əliyev və Azərbaycanın sosial islahatlar sahəsindəki uğurları: QHT sədri yazır

Azərbaycan tarixinin ən şərəfli dövrü, dünyanın böyük siyasətçilərindən biri olan Ümummilli liderimiz Heydər Əliyevin 12 dekabrda anım günüdür.

Azərbaycan tarixinin ən şərəfli dövrü, Ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə başlamışdır. Bu dövr, dövlət müstəqilliyinin qorunub saxlanması, siyasi sabitliyin təmin olunması, Azərbaycanın dünya birliyinə inteqrasiyası və ümumilikdə xalqın həyat səviyyəsinin yüksəldilməsi ilə nəticələndi. Demokratiya inkişaf etdi, insan hüquq və azadlıqlarının qorunub saxlanması, milli şuurun yüksəldilməsi sahəsində mühüm dəyişikliklər baş verdi.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğu prosesləri ilə paralel olaraq, ölkədə sosial müdafiə siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı. H. Əliyevin uğurlu neft strategiyasının nəticəsi olaraq, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması, respublikanın iqtisadiyyatının inkişafına təkan verərək, sosial məqsədlərin uğurla həyata keçirilməsinə imkan yaratdı. Eyni zamanda, müstəqil Azərbaycanın ilk Konstitusiyası, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olundu. Konstitusiyada Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, dövlətin ali məqsədi kimi bəyan edildi. Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiə və layiqli həyat səviyyəsinin təmin olunması ilə bağlı ən yüksək səviyyədə qərarlar verildi.

Heydər Əliyevin qəbul etdiyi qərarlar nəticəsində sosial cəhətdən həssas kateqoriyaların, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsi gücləndirildi. Milli Qəhrəmanlara, onlardan həlak olanların ailələrinə yardım edilməsi, minimum əmək haqqı məbləğinin artırılması və digər mühüm addımlar atıldı. 1993-cü ildə H. Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkədə yaranan sosial və iqtisadi stabillik, qadınların sosial inkişafına da təkan verdi. Prezidentin qadınların ictimai-siyasi həyatda fəallığının artırılması ilə bağlı verdiyi fərman və sərəncamlar, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına xidmət edirdi. Qadınların işlərində canlanma baş verdi və respublikada qeyri-hökumət qadın təşkilatları yaranmağa başladı. 1994-cü ilin sentyabrında Heydər Əliyev "Qadınların IV Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan Qadınlarının Milli Komitəsinin yaradılması haqqında" fərman imzaladı.

1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan qadınlarından ibarət 100 nəfərlik nümayəndə heyəti iştirak etdi. Konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən olundu. Pekin Konfransından sonra respublikamızda qadınların fəallığı artdı və onların problemlərinə daha çox diqqət yetirilməyə başlandı. Parlament seçkilərində qadın deputatların sayı iki dəfə artdı və qadınlar rəhbər vəzifələrə irəli çəkilməyə başladılar. Azərbaycan 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı" 1995-ci il iyunun 30-da ratifikasiya etdi. 1996-cı ildə Azərbaycan hökuməti BMT-yə ilkin məruzə təqdim etdi.

Heydər Əliyev 14 yanvar 1998-ci il tarixində "Azərbaycan qadınlarının rolunun artırılması haqqında" sərəncam imzaladı. Sərəncamda dövlət strukturları tərəfindən daha çox diqqət tələb edən sahələr müəyyən olundu və Heydər Əliyev 14 yanvar 1998-ci il tarixli digər fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasına qərar verdi. Bu Komitənin sədri təyin edilən professor Zəhra Quliyeva, qadın təşkilatlarının mərkəzləşdirilmiş şəkildə idarə olunmasına zəmin yaratdı. 1998-ci ilin sentyabrında müstəqil Azərbaycan qadınlarının qurultayı keçirildi. Qurultayda 2101 nümayəndə iştirak etdi və qadınların fəallığının təhlili, onların həll edilməmiş problemlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

2000-ci ildə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzalandı və bu fərman qadınların dövlət strukturlarında bərabər səviyyədə təmsil olunmalarını təmin etdi. Eyni zamanda, gender bərabərliyinin təmin olunması üçün dövlət strategiyası yaradıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş dövlət qadın siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı ildə Gender Bərabərliyinin təminatı haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olundu və 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.

Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial islahatlar proqramı 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və Azərbaycanın güclü iqtisadiyyatının qurulması və xarici siyasətdəki uğurların nəticəsi olaraq ölkəmiz ildən-ilə güclənir.

 

Telman Dadaşov

“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri

Seçilən
20
qht.az

1Mənbələr