AZ

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq genişlənir - Hansı sahələr inkişaf edəcək?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı bildirib ki, indi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir.

Prezident vurğulayıb ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzalanıb: "Beləliklə, biz Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq".

Bu layihə Çinlə yanaşı, digər xarici investisiyanın ölkədə fəaliyyəti üçün münbit şəraitin yaranması baxımından önəmlidir. Lakin dünya ictimaiyyətində bu layihələrlə bağlı fikirlər bir mənalı deyil. 

Bütün bunları nəzərə alaraq, Azərbaycan üçün hazırda Çinlə ikitərəfli əməkdaşlıq yoxsa, böyük dövlətlərin də iştirak etdiyi layihələr daha çox faydalı olar? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, bu gün Şərq-Qərb nəqliyyat istiqaməti üzrə Azərbaycanın rolu danılmazdır:

"Bu da bizə Çinlə iqtisadi əlaqələrimizi genişləndirməyə səbəb yaradır. Digər tərəfdən də Türk Dünyası Təşkilatı ilə daha da sıx siyasi və iqtisadi əlaqələrimizi qurmağa şərait yaradır. Hazırda Çin və Avropanın ticarət dövriyyəsi 600 milyard dollardan çoxdur. Bu gün Çin dünyanın aparıcı ikinci iqtisadiyyatıdır. Çinin Avropaya gələcək ixracının da Şərq-Qərb nəqliyyat dəhlizi vasitəsi ilə Azərbaycan üzərindən keçməsi nəzərdə tutulub. Bu da gələcəkdə Çinlə Azərbaycan arasında iqtisadi dövriyyəyə də müsbət təsir göstərəcək". 

Ekspert vurğulayıb ki, Çin bu gün bütün dünyada texnologiya ixracatçısı kimi tanınır:

"Avropa ölkələrinə də, ABŞ-a Çindən bu gün texnologiya idxal edilir. Onlar bir çox istehsal fabriklərini Çin ərazisində qururlar. Bu baxımdan, hesab edirəm ki, digər ölkələr sadəcə qısqanclıqdan və siyasi eqoizmdən bu layihəni "siyasi tələ" adlandırırlar". 

Eyyub Kərimli əlavə olaraq bildirib ki, bu gün ölkəmizin Çinlə iqtisadi əlaqəsi yalnız iqtisadiyyatın texnologiya cəhətdən daha innovativ inkişafına təkan verəcək:

"Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsinə və digər sahələrə də texnologiyanın tətbiqinə şərait yaradacaq. Qeyd edim ki, burda həm də təcrübə mübadiləsi də rol oynayır. Düşünürəm ki, iqtisadiyyatımızın Çinlə iqtisadi inteqrasiyası xeyli müsbət imkanlar yarada bilər".

Davud

Seçilən
20
valyuta.az

1Mənbələr