Cəmi iki il əvvəl yaradılan Çin mərkəzli "DeepSeek" şirkətinin yeni süni intellekt modeli "R1", performans testlərində ABŞ-nin "OpenAI" şirkətinin ən inkişaf etmiş "o1" modeli ilə eyni səviyyədə nəticələr əldə edib.
"DeepSeek" söhbət tətbiqini limitsiz və pulsuz təqdim etməklə yanaşı, proqramçılara 100 dəfə daha ucuz giriş imkanı verir. Şirkət həmçinin açıq mənbəli texnologiyaya əsaslandığını və bütün təlim prosesini "OpenAI"dan 100 dəfə az xərc tələb etməklə həyata keçirdiyini iddia edir. Bu iddialar bazarda böyük səs-küy yaradıb.
Bir gecədə birjada 600 milyard dollarlıq dəyər itkisindən sonra əvvəlcə ABŞ-dən təbrik mesajları, daha sonra isə oğurluq ittihamları gəldi. İtaliya və Avstraliya hökumətləri "DeepSeek" tətbiqini qadağan etdi. Bütün bu hadisələr süni intellektin yeni dövrə qədəm qoyduğunu göstərir.
"DeepSeek" nədir və süni intellekt sahəsində necə uğur qazandı?
Gəlin, hər kəsin süni intellekt və "OpenAI" üzərində üstünlük qazandığını danışdığı "DeepSeek"in nə olduğunu yaxından araşdıraq.
Şirkət 2023-cü ildə keçmiş hedc fondu meneceri Lyanq Venfenq (Liang Wenfeng) tərəfindən təsis edilib və süni intellekt əsaslı kvantitativ ticarət strategiyaları ilə 14 milyard dollarlıq investisiya portfelini idarə edən "High Flyer" şirkətinin dəstəyini alıb. Lakin "DeepSeek"-in ən böyük uğuru, süni intellekt modelinin keyfiyyətindən daha çox, ABŞ-ın Çinə tətbiq etdiyi texnologiya embarqosunu aşmağı ola bilər.
Embarqo necə aşılıb?
Lyanq Venfenq bu sahədə strateji addım ataraq ABŞ-nin Çin üçün ixrac məhdudiyyətləri qüvvəyə minmədən əvvəl "High Flyer" şirkəti vasitəsilə "Nvidia A100" qrafik prosessorlarını toplamağa başlayıb. Süni intellekt sistemləri üçün vacib olan bu qrafik prosessorları, "ChatGPT" kimi irimiqyaslı dil modellərinin fəaliyyət göstərməsi üçün əsas infrastrukturu təmin edir. "Nvidia" şirkətinin bazar dəyərinin sürətlə artmasının əsas səbəblərindən biri də məhz qrafik prosessorlarının yalnız oyun sənayesinə deyil, həm də süni intellektə yönəldilməsidir.
2020-ci ildə "DeepSeek 1" 100 qrafik prosessordan ibarət ilk superkompüter klasterini yaradıb, 2021-ci ildə isə bu rəqəmi 10 minin üzərinə çıxarıb. "SemiAnalysis" şirkətinin hesabatına görə, bu gün "High Flyer"in təxminən 50 min qrafik prosessoru var. Bunlar yalnız "A100"lə məhdudlaşmır, şirkət 10 min "H800" və 10 min "H100" modelinə də sahibdir.
Rekordlar və milyon dollarlıq süni intellekt təlim xərcləri
"DeepSeek"in ən iddialı açıqlamalarından biri "R1" modelinin təlimini cəmi 5,6 milyon dollara başa gətirməsi ilə bağlıdır. Lakin "High Flyer"ın serverlərə etdiyi investisiyalar 1,6 milyard dolları, bu serverlərin saxlanması isə təxminən 944 milyon dolları keçib. Bu da "OpenAI"dən o qədər də fərqli olmadığını göstərir.
Digər tərəfdən, süni intellekt performansını ölçən testlərə əsasən, "DeepSeek R1", riyazi məntiq, ümumi bilik və suallara cavab vermə sahələrində "OpenAI o1" modeli ilə eyni nəticələr əldə edib. 26 yanvar tarixində bu tətbiq ABŞ-də ən çox yüklənən pulsuz tətbiqlər arasında birinci yerə yüksəlib. "Sensor Tower" analitik şirkətinin məlumatına görə, 18 gün ərzində 16 milyon dəfə yüklənib. Müqayisə üçün, eyni müddətdə "ChatGPT" tətbiqi cəmi 9 milyon dəfə yüklənib.
"DeepSeek" beş il ərzində süni intellekt sahəsində lider ola bilərmi?
Çin, 2030-cu ilə qədər qlobal süni intellekt lideri olmağı hədəflədiyini açıqlayıb. Bu kontekstdə "DeepSeek" və onun arxasındakı güclü ekosistem böyük əhəmiyyət daşıyır.
Hazırda süni intellekt sahəsində üç əsas güc mövcuddur:
- ABŞ – Trilyon dollarlıq "Silikon Vadisi" ekosistemi
- Avropa – Bu sahədə hələ ciddi irəliləyiş əldə etməyib
- Çin – Yeni açıqladığı 13,79 milyard dollarlıq süni intellekt investisiya fondu ilə gücünü artırır
Çinin süni intellekt sektoru artıq "Alibaba", "Bytedance" ("TikTok"un sahibi), "Moonshot AI" kimi texnologiya nəhənglərinin dəstəyi ilə sürətlə inkişaf edir.
Məsələn:
- "Bytedance"ın "Doubao 1.5 Pro" modeli, "OpenAI"nin "4o" modelini kodlaşdırma, məntiq və Çin dili emalı sahəsində geridə qoyub.
- "Moonshot AI"nin "Kimi k1.5" modeli, "o1" modelini riyaziyyat, kodlaşdırma və vizual qavrayış sahələrində yaxalayıb.
- "Alibaba"nın "Qwen2.5-VL" modeli, mətn, səs və video ilə işləyə bilən multimodal texnologiya təqdim edib.
Bütün bunlar göstərir ki, ABŞ-nin yüksək texnologiya embarqosu Çinin süni intellekt sahəsində irəliləməsinə mane ola bilməyib. "Huawei"nin yaxın günlərdə təqdim edəcəyi "Ascend 910C" süni intellekt çipi, "Nvidia H100" prosessoruna yaxın performans vəd edir.
Senzura və oğurluq ittihamları
Bununla belə, Çin mərkəzli süni intellekt modelləri ilə bağlı senzura iddiaları da gündəmdədir. "DeepSeek" bu mövzu ilə bağlı suallara cavab verməkdən yayınıb.
Digər tərəfdən, "OpenAI" və "Nvidia" rəhbərləri əvvəlcə "DeepSeek"i təbrik etsələr də, daha sonra "OpenAI", "DeepSeek"in "distilasiya" adlı metodla məlumat oğurladığını iddia edib.
Bütün bu mübahisələrə baxmayaraq, açıq mənbəli süni intellekt modelləri yeni imkanlar yaradır.
Rəhim