AZ

Favoritlərdən heç biri büdrəmədi - İCMAL

1/4 finalda imkanları daha yüksək qiymətləndirilən komandalardan heç biri büdrəmədi.

“Real” kiçik Madrid derbisində “Leqanes”ə qalib gəldi. “Xiyarlar” ilk dəqiqələrdə fəal təsir bağışlasa da, “kral klubu”nun qarışıq heyəti tezliklə oyunun axarına nəzarəti ələ aldı. Modriç hesabı açandan az sonra Endrik fərqi artırdı. La Liqanın debütantının haqqını yemək olmaz, “Leqanes” 0:2-dən sonra əlini yanına salmadı, geridönüş etmək üçün özündə güc tapdı. Hissənin sonunda qazandığı penaltini qola çevirən Krus komanda yoldaşlarını arxasınca apardı. Fasilədən sonra meydana çıxan Vinisius “Leqanes”in müdafiəsinin sağ-cinahını tar-mar etməyə başladı. Bununla belə, Krus hesabı bərabərləşdirməyə imkan tapdı. Bərabərlik qolunda topun Mendidən səkməsi də müəyyən rol oynadı. Belə düşünmək olardı ki, bu oyunda əlavə vaxt qaçılmazdı. Ancaq Qonsalo Qarsiya fərqli düşünürdü. “Real”ın 20 yaşlı hücumçusu əsas vaxtın sonuna saniyələr qalmış Diasın ötürməsini qola çevirdi.
Madridin digər nəhəngi bu mərhələni daha rahat keçdi. “Atletiko” La Liqanın autsayderlərindən “Xetafe”nin qapısından 5 cavabsız qol keçirdi. Artıq fasiləyə qədər oyunun taleyi həll olundu. Simeonenin dublu və Linonun vurduğu qol sayəsində ilk yarı 3:0 hesabıyla bitdi. “Xetafe”nin geridönüş edəcəyi inandırıcı deyildi. Belə də oldu: “Atletiko” 2-ci hissədə daha iki qol vurdu.

Bəlkə də kimsə Flikin kubok oyununda komandasının liderlərinə dincəlmək imkanı yaradacağını düşünürdü. Ancaq məhz “Valensiya”nın baş məşqçisi Karlos Korberon meydana ehtiyat oyunçuları buraxmışdı. Görünür, “yarasalar”ı çətin görünən kuboku qazanmaq hədəfindən daha çox elitada yerini qorumaq düşündürür. Yanvarın 26-da “Barsa” ilə səfər oyununa çıxan “Valensiya” artıq 24-cü dəqiqəyə qədər 4 qol buraxmışdı. Bu dəfə isə 0:3 hesabını 6 dəqiqə artıq qorudular. Uğurdu? Təbii ki, bunu belə qiymətləndirmək gülməli olardı. 2-ci hissədə də heç nə dəyişmədi. Hə, bir də Sadik forvard olduğunu xatırladı. Umar iki dəqiqə ərzində həm qol vurdu, həm də penalti qazandı. Sadəcə, bu epizodların hər birində ofsayd qeydə alındı. “Barsa” isə 2-ci hissədə açıq-aşkar gücünə qənaət edir, sadəcə, top fırladırdı. Qonaqlar yalnız saatın tamamında bir qədər fəallaşdılar ki, onda da Yamal komandasının 5-ci qolunu vurdu. “Valensiya” sona qədər xoşbəxtliyi hücumda axtarsa da, təsəlli qolunu belə vura bilmədi. Meydan sahiblərinin qapıçısı Dimitriyevski öz növbəsində bir neçə seyv etdi. Bəlkə də qəlbinin dərinliyində Mamardaşvilidən az qol buraxdığına görə özündən razı qaldı. Hər halda, “Barselona” yarımfinala inamlı qələbə ilə adladı.

Yeri gəlmişkən, bu oyunda het-trik edən Ferran Torres qol sevincini gizlətdi. Axı o, “Valensiya”nın futbol akademiyasının yetirməsidi. Ferran qolların birindən sonra formasının altından geydiyi maykanı azarkeşlərə göstərdi. Onun üzərində “Valensiyanı unutmayacağıq” yazılmışdı.
“Real Sosyedad” da adını yarımfinala yazdırdı. Bask klubu özü kimi ortabablardan olan “Osasuna”nın qapısından iki cavabsız top keçirdi. Yarımfinalın püşkü fevralın 12-də atılacaq. Turnirin son qalibi “Atletik”di. Bilbao klubu həlledici oyunda “Malyorka”ya qalib gəlmişdi. İspaniya kubokunda qələbə sayına görə lider isə “Barselona”dı – 31 dəfə. 2-ci yerdə kuboku 24 dəfə qazanan “Atletik”, 3-cü yerdə isə “Real” (20) qərarlaşıb.

1/4 final
Leqanes – Real 2:3
Krus, 39-p.; 59 – Modriç, 18. Endrik, 25. Q.Qarsiya, 90+3.
Real: Lunin, Valverde, Asensio, Ramon, Mendi (F.Qarsiya, 82), Çuameni, Modriç, Gülər (Sebalyos, 76), Dias, Rodriqo (Vinisius, 46), Endrik (Q.Qarsiya, 82).
Atletiko – Xetafe 5:0
Simeone, 8; 17. Lino, 42. Korrea, 78. Sörlot, 86.
Atletiko: Musso, Molina, Ximenes, Le Norman, Qalan (Aspilikueta, 61), Simeone (Qallaher, 61), De Paul (Rikelme, 80), Koke, Lino, Qrizmann (Sörlot, 73), Alvares (Korrea, 61).
Valensiya – Barselona 0:5
Torres, 3; 17; 30. Lopes, 23. Yamal, 59.
Barselona: Şensnı, Kunde (Fort, 79), E.Qarsiya, Kubarsi (Martines, 46), Balde (Martin, 46), F.de Yonq, Pedri (Kasado, 64), Yamal, Lopes, Rafinya (Olmo, 64), Torres.
Real Sosyedad – Osasuna 2:0
Barreneçea, 21. Mendes, 31.
Real Sosyedad: Remiro, Munyos, Agerd, Subeldiya (Aramburu, 60), Elustondo, Subimendi, Marin (Olasaqasti, 60), Mendes, Kubo (Bekker, 81), Oyarsabal (Oskarsson, 55), Barreneçea (S.Qomes, 55).

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Əlavə vaxtdan qurtulmaq mümkün oldu ki, bu da gücümüzə qənaət etməyə imkan verdi. “Atletiko” ilə şənbə derbisi ərəfəsində bəzi futbolçulara dincəlmək imkanı yaratmışdım. Mən meydana məhz qələbə qazanmağa qadir olan futbolçuları buraxmışdım, sadəcə, gənclərə oyun vaxtı qazandırmaq niyyətim yox idi. Bu mövsüm zədələr üzündən gənclər daha çox oynamaq şansı qazanır və vəzifələrinin öhdəsindən gəlirlər. Gənc komandamız tərəqqi edir”.


Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:
“Bizim üçün çox vacib qələbədi. Komandamdan razıyam. İlk dəqiqələrdən təhlükəli vəziyyətlər yaratmağa və qollar vurmağa başladıq, bu da bizə hədəfimizə çatmağa imkan verdi. Vurduğumuz qolların sayı komandanın aclığını göstərir. Oyunçuların daha çox qol vurmağa kökləndiyini görmək mənim üçün xoşdu. Hər oyunçunun ən yaxşı versiyasını göstərməsi vacibdi. Oyunçulara, xüsusən də het-trik edən Ferrana görə çox şadam”.
Seçilən
4
football-plus.az

1Mənbələr