AZ

Vətən sevdalısı

Birinci Qarabağ müharibəsində adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazan Vətənin igid, cəsur oğlanlardan biri də Mirəsgər Seyidovdur. Bu Vətən sevdalısı 1970-ci ildə Babək rayonu, Qaraxanbəyli kəndində anadan olub. Erməni dığaların Naxçıvanın kəndlərinə aramsız hücumları zamanı yurdun çətin günlərdə Mirəsgər könüllü olaraq döyüşlərə qatılıb və odlu səngərlərdə düşmənin başına od ələyib... Bu günlərdə ölümsüzlüyə qovuşan Milli Qəhrəmanın 55 yaşı tamam olub. Bununla əlaqədar Masallı rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müqəddəs Vətən torpaqlarının müdafiəsi və azadlığı uğrunda həlak olan qəhrəman şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Kitabxananın əməkdaşı Şəmsurə Nəsirova ilk çıxış edərək deyib:- Qeyrətli oğullarımız Vətən uğrunda son damla qanlarına qədər mübarizə aparıb, haqq yolundan dönməyib, canı bahasına yurdumuzu müqəddəs məkana çeviriblər. Bununla düşmənə sübut ediblər ki, Vətən torpağının bir qarışı belə onlara verilə bilməz. Naxçıvan torpağında boya- başa çatan Mirəsgər Seyidov da Vətənin yaşaması naminə canından keçib. Ölümün gözünə dik baxıb odlu səngərdə düşmənə qarşı döyüşən şəhidlər bizim and yerimiz, qürur mənbəyimizdir. Şəhidlər ölməz, Vətən bölünməz.

Kitabxananın digər əməkdaşı Aidə Quliyeva məruzəsində şəhid qəhrəmanımız haqqında daha geniş danışıb: “Naxçıvanın sərhəd kəndlərinə hücum edən düşmənlə mübarizə aparmaq üçün bu yurdun qeyrətli oğulları sinələrini sipər edib, ermənilərin bir addım belə irəli gəlməsinə göz yummadılar. Həmin igidlər sırasında Mirəsgər Seyidov da var idi. Döyüşlərə könüllü qatılan Mirəsgər ən çətin anlarında belə silahdaşlarının köməyinə çatır, düşmənə ağır zərbələr vururdu. 1992-ci il iyun ayının 14-də o, sonuncu döyüşdə mühasirəyə düşən yoldaşlarını xilas etməyə çalışarkən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Vətənin igid oğlu Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn edilib.”

Tədbir iştirakçıların diqqətinə o da çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyünün qorunması üçün layiqli xidmətlər göstərib, vətəndaşlıq borcunu yerinə yetirən Mirəsgər Seyidov ölümündən sonra ölkə rəhbərinin 18 dekabr 1992-ci il tarixli Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Oxuduğu Naxçıvan şəhər 15 saylı tam orta məktəb qəhrəmanın adını daşıyır. Həmçinin 2016-ci il dekabrın 16-da İctimai televiziya onun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
5
ikisahil.az

1Mənbələr