Türkiyəli futbol mütəxəssisi Yalçın Koşukavak Birinci Liqa təmsilçisi “Boluspor”un baş məşqçisi vəzifəsinə təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmasa da, klub onun təyinatının rəsmiləşdiyini bildirib. Bolu təmsilçisi yeni baş məşqçisinə uğurlar arzulayıb.
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin də çıxış etdiyi Türkiyənin “Boluspor” klubu ötən gün baş məşqçisi Arif Ufuk Kahraman ilə yollarını ayırdığını açıqlamışdı. İstefaya komandanın son dövrlərdəki uğursuz çıxışı səbəb göstərilir. Arif Ufuk Kahraman 2024-cü il sentyabr ayında “Boluspor”un baş məşqçisi təyin olunmuşdu. 48 yaşlı mütəxəssis bu komandanı 22 oyuna çıxarıb. Bu görüşlərdə 9 qələbə qazanıb, 4 heç-heçə etmiş Bolu klubu 9 məğlubiyyətə üzülüb.
Vüsal İsgəndərlinin komandası Birinci Liqanın cari mövsümünün yarış cədvəlində 23 oyuna topladığı 33 xalla 9-cu pillədə qərarlaşıb. Bolu təmsilçisi bu oyunlarda 9 qələbə qazanıb, 6 heç-heçə edib, 8 məğlubiyyət görüb.
Yalçın Koşukavak isə bu mövsümün əvvəlindən “İğdır”a rəhbərlik edirdi. O, 2024-cü ilin dekabr ayında bu klubdan ayrılandan bəri işsiz idi. Türkiyəli mütəxəssis “Göztəpə”, “Karacabey Birlikspor”, “Altay”, “İstanbulspor”, “Qaziantep”, “Bursaspor”, “Dənizlispor”, “Kayserispor” kimi klublarda da baş məşqçi kimi çalışıb. Koşukavak 2023/2024 mövsümündə də “Boluspor”a rəhbərlik edib. O, bu komandanı çıxardığı 35 oyunda 17 qələbə, 6 heç-heçə və 12 məğlubiyyət görüb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a 2024-cü ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avro müqabilində keçib. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa qədər müqaviləsi var. Azərbaycanlı hücumçu “Boluspor”da indiyə qədər 26 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.