AZ

Conatan Okita “Sürix”i “Bodrumspor”a dəyişdi

İsveçrənin “Sürix” klubunun mərkəz hücumçusu Conatan Okita bundan sonra “Bodrumspor”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Transferin detalları açıqlanmasa da, 28 yaşlı forvard yeni klubu ilə 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş 2,5 illik müqaviləyə imza atıb.

Almaniyada dünyaya göz açsa da, əslən Konqo Demokratik Respublikasından olan Conatan Okita peşəkar karyerasına Belçikanın “Tubize” klubunda başlayıb. O, karyerası ərzində “Standard” (Lyej), “Rozelar”, “Union”, “Maastrixt”, “Neymegen” kimi klubların da formasını geyinib. 2022-ci ildən “Sürix”də çıxış edən Okita İsveçrə komandasının heyətində 91 oyun keçirib, 21 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Okita 2021-ci ilin oktyabr ayında debüt etdiyi Konqo Demokratik Respublikası yığmasının heyətində cəmi 2 oyun keçirib.

“Bodrumspor”da iki ayrılıq da yaşanıb. Super Liqa təmsilçisi gənc dayaq yarımmüdafiəçisi Yusuf Sertkayanı Birinci Liqa klubu “Ümraniyəspor”a icarəyə verib. 19 yaşlı türkiyəli futbolçu cari mövsümün sonunadək icarədə olacaq. “Bursaspor”un yetirməsi olan futbolçu cari mövsümün əvvəlində cəlb olunduğu Bodrum klubunun əsas komandasında cəmi 2 matça çıxa bilib.

“Bodrumspor”un nigeriyalı dayaq yarımmüdafiəçisi Qabriel Obekpa da Moldovanın “Zimbru” klubuna keçib. 20 yaşlı futbolçu da cari mövsümün sonunadək icarədə çıxış edəcək. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Qabriel Obekpa Serbiyanın “İMT Belqrad” klubunun yetirməsidir. “Tekstilşik” və “Mladost” kimi klubların da formasını geyinmiş futbolçu 2024-cü ilin avqustunda cəlb olunduğu Bodrum klubunda cəmi 5 matç keçirib.

Seçilən
30
arena.az

1Mənbələr