AZ

“Siti” Rodriyə əvəzedici tapdı, Asensio Emerinin yanına yollandı

Avropanın aparıcı futbol liqalarında qış “transfer pəncərəsi” bağlandı.

"Football-plus.az" xəbər verir ki, bəzi klublar bu prosesi son günə qədər ləngitdi. Odu ki, məhz son günlərdə çoxlu nəhəng transfer reallaşdı.

MARKO ASENSİO
Amplua: vinger, hücumameyilli yarımmüdafiəçi
Yaş: 29
Hardan: PSJ
Hara: “Aston Villa”
Sövdələşmə tipi: icarə
Məbləğ: -
Müddət: 2025-ci ilin yayına qədər

Qışın ən səs-küylü transferlərindən biri “Aston Villa”nın adına yazıldı. Çempionlar Liqasının ümumi mərhələsində 8-ci yeri tutan Birmingem klubu pley-offdan yan keçərək birbaşa 1/8 finala adlayıb. Təbii ki, planetin ən mötəbər klub turnirində iştirak təcrübəsinə malik olan daha bir güclü hücum oyunçusunun varlığı Unay Emerinin işinə yarayacaq. 29 yaşlı Marko Asensio bu mənada ideal seçimdi – “Real”la üç dəfə Çempionlar Liqasını qazanıb, bu turnirdə keçirdiyi 67 oyunda 12 top vurub. PSJ-də onun işləri o qədər də yaxşı getmədi. Odu ki, bu sövdələşmə bütün tərəflər üçün faydalıdı. “Villa”nın Markus Reşfordla Olli Uotkinsin də yer aldığı hücum xətti çox möhtəşəm görünür.

ANDREA BELOTTİ
Amplua: hücumçu
Yaş: 31
Hardan: “Komo”
Hara: “Benfika”
Sövdələşmə tipi: icarə
Məbləğ: -
Müddət: 2025-ci ilin yayına qədər

Bu keçid kağız üzərində 31 yaşlı italiyalı üçün uduş kimi görünür – axı o, A seriyasının aşağı pillələrindən Portuqaliya çempionatının elitasına (“Benfika” 2-ci yerdədi) və Çempionlar Liqasına yollanır. Ancaq əslində hər şey yaxşı bitməyə bilər. AÇ-2020-nin qalibi mövsüm boyunca “Komo”nun heyətində yalnız 650 dəqiqə meydanda olub və iki dəfə fərqlənib. Yəni ki bir tərəfdən icarəyə verilmək taleyin hədiyyəsidi, digər tərəfdən Belottinin bundan yararlanıb-yararlanmayacağı məlum deyil.

NİKO QONSALES
Amplua: yarımmüdafiəçi
Yaş: 23
Hardan: “Portu”
Hara: “Mançester Siti”
Sövdələşmə tipi: alış
Məbləğ: 60 milyon avro*
Müddət: 2029-cu ilin yayına qədər
* - burda və hər yerdə “Transfermarkt”ın rəqəmləri göstərilib.

“Şəhərlilər” böhrandan çıxış problemini radikal şəkildə - nəhəng pullar xərcləməklə həll edir. “Siti” artıq hücumçu Omar Marmuşun (75 milyon avro), müdafiəçilər Abdukodir Xusanovla (40 milyon) Vitor Reysin (37 milyon) transferinə xeyli vəsait xərcləyib. Sıra yarımmüdafiəçiyə çatanda klub qənaət etmək fikrinə düşdü, bu üzdən “Portu”nun 23 yaşlı oyunçusu Niko Qonsaleslə bağlı bazarlıq uzun sürdü. Ancaq heç nə alınmadı – portuqalılar 40 milyon avroluq ilk təklifi geri çevirdiyindən 60 milyon ödəmək lazım gəldi. “Transfer pəncərəsi”nin sonuncu günündə məsələ həllini tapdı. Yazda zədəli Rodrinin yerində bir başqa ispaniyalı oynayacaq. Yeri gəlmişkən, 2023-cü ildə Qonsalesi “Portu”ya 8,5 milyon avroya satan satan “Barselona”ya da bu keçiddən “yağlı tikə” düşəcək. 60 milyon avronun 40 faizi kataloniyalılara çatacaq.

NİKOLO ZANYOLO
Amplua: hücumameyilli yarımmüdafiəçi, vinger
Yaş: 25
Hardan: “Qalatasaray”
Hara: “Fiorentina”
Sövdələşmə tipi: icarə
Məbləğ: 3,2 milyon avro
Müddət: 2025-ci ilin yayına qədər

25 yaşlı yarımmüdafiəçi “Atalanta”da mövsümün ilk yarısını uğursuz keçirdi, yalnız 560 dəqiqə meydanda olmaqla “qol+ötürmə” sistemi üzrə 6 (3+3) xal topladı. “Qalatasaray” bu dəfə onu başqa kluba – vaxtilə yetişdiyi “Fiorentina”ya icarəyə verdi. Bəlkə də Toskanada işlər qaydasında gedəcək. Nikolo müəyyən şərtləri yerinə yetirsə, İtaliya klubu 15,5 milyon avro ödəməklə xavbeki almalı olacaq.

MATİS TEL
Amplua: hücumçu
Yaş: 19
Hardan: “Bavariya”
Hara: “Tottenhem”
Sövdələşmə tipi: icarə
Məbləğ: -
Müddət: 2025-ci ilin yayına qədər

Qışın ən çox müzakirə olunan sövdələşmələrindən biri güzəştlə bitdi. Harri Keynin mövcudluğu dövründə “Bavariya”nın əsas heyətinə düşmək ümidini itirən 19 yaşlı fransalı forvard, nəhayət, Münheni tərk etməyə, “Tottenhem”ə yollanmağa qərar verdi. Nəticədə “Bavariya” bu icarə müqaviləsindən müəyyən pul qazanacaq, “mahmızlar” isə gənc və istedadlı hücumçuya yiyələnəcək. Telin də öz marağı var: Keynin ulduza çevrildiyi klubda səviyyəsini sübut etmək. İngiltərənin başqa top klubları – MY və “Çelsi” də Marisin arxasınca düşmüşdü, ancaq hadisələrin axarı “Tottenhem”in xeyrinə cərəyan etdi. İnsayder Devid Ornşteynin yazdığına görə, icarə müqaviləsində “Tottenhem”in 55 milyon avro ödəməklə hücumçunu almaq hüququ da tanınıb.
JOAO FELİŞ
Amplua: hücumçu, hücumameyilli yarımmüdafiəçi
Yaş: 25
Hardan: “Çelsi”
Hara: “Milan”
Sövdələşmə tipi: icarə
Məbləğ: 5,5 milyon avro
Müddət: 2025-ci ilin yayına qədər
25 yaşlı portuqaliyalı İngiltərədəki çətin dönəmin ardından özünü göstərmək baxımından yeni şans qazanıb. “Atletiko”dan 52 milyon avroya alınan futbolçu bu mövsüm “Çelsi”nin heyətində yalnız “2-ci dərəcəli” turnirlərdə - Konfrans Liqasında, ölkə kubokunda və Liqa kubokunda sabit oyun göstərib. Premyer-liqada isə əsas heyət oyunşusu ola bilməyib. Bəlkə də Milanda silkələnəcək, özünə gələcək.

SANTYAQO XİMENES
Amplua: hücumçu
Yaş: 23
Hardan: “Feyenoord”
Hara: “Milan”
Sövdələşmə tipi: alış
Məbləğ: 32 milyon avro
Müddət: 2029-cu ilin yayına qədər
“Feyenoord”un hücumçusu özünə daha hüclü klub tapa bildi. Yenilənmiş Çempionlar Liqasında 5 qol vuran 23 yaşlı meksikalı “Milan”a keçdi. Maraqlı detal: şayiələrə inansaq, Santyaqonu belə seçim etməyə Zlatan İbrahimoviç inandırıb. Bu məqam artıq çox şey deməkdi. Ximenes “Milan”da Türkiyəyə yollanan Alvaro Moratanı əvəz etməlidi. Onunla bağlı böyük gözləntilər var: meksikalı Niderland çempionatında keçirdiyi 73 oyunda 45 qop vurub.

“Böyük beşlik” ölkələrində transfer statistikası
gələn gedən
Premyer-liqa 42 58
Liqa 1 49 79
Bundesliqa 41 52
A seriyası 96 124
La Liqa 31 56

Seçilən
10
football-plus.az

1Mənbələr