“Övladımın əlilliyi ilə bağlı 10 ildən çoxdur aldığımız pensiya kəsilib”.
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Nərmin Şabanova müraciət edib.
O bildirib ki, 2012-ci il təvəllüdlü övladı Mirzəxan Həmidliyə doğuş zamanı travma nəticəsində sinir köklərinin zədələnməsi sağ qolun pleksopatadiyasi və monoparezi diaqnozu qoyulub: “2012-ci ildə ilk dəfə Uşaq Nevroloji Xəstəxanasında övladıma bu diaqnoz qoyuldu. Bununla da müalicəyə başladıq. Müalicələrin heç bir nəticəsi olmadığı üçün bir il sonra övladımın vəziyyətinə uyğun olaraq tibbi komissiya həkimi tərəfindən ona “sağlamlıq imkanları məhdud uşaq” statusu rəyi verildi və pensiya təyin olundu”.
N. Şabanova qeyd edib ki, 2013-cü ildən bəri ard-arda alınan pensiya ötən il dayanıb: “2022-ci ilin sentyabrında övladıma 40 faizlə üçüncü qrup əlillik birillik müddətinə verilib. 2023-cü il yenə təkrar müayinələrdən keçərək 40 faizlə birillik pensiya təyin olundu. Ancaq ötən ildən bəri heç bir pensiya, ödəniş almırıq. Bu, bizim vəziyyətimizi daha da çətinləşdirib. Övladımın hələ də xəstəliyi var, heç bir müalicə onun xəstəliyini aradan qaldırmadı. Bunun üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etsək də, həkimlərin yanlış rəyi nəticəsində müsbət cavab ala bilmədik”.
Ana həmçinin əlavə edib ki, oğlu yenidən əlilliyin təyin edilməsi üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən yoxlanışdan keçib: “Tibbi komissiya keçirildi, dedilər ki, artıq övladınızda əlillik müşahidə olunmur. Amma tibbi komissiya zamanı orada nə travmatoloq, nə də nevropataloq var idi. Müayinə şəffaf şəkildə həyata keçirilmədi. Ancaq dedilər ki, ətraflı müayinə etmişik və əlillik təyin olunmayıb. Bu, yalandır.
Mənim oğlumun bir qolu digərindən qısadır, onun hər işini mən görürəm. Axı necə ola bilər ki, həkimlər belə rəy verirlər?! Və bu rəyə əsasən də Sosial Müdafiə Fondu tərəfindən pensiyamız kəsilir”.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib: “Lənkəran rayon sakini 2012-ci il təvəllüdlü Həmidli Mirzəxan Şahin oğlunun əlilliyi həm elektron sistem üzərindən, həm də 06.11.2024 və 18.12.2024-cü il tarixlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertləri tərəfindən əyani baxış zamanı qiymətləndirilib. Müayinə zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib.
Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilib”.
Fidan Etibar