İtaliyanın “Atalanta” klubunun sabiq hücumameyilli yarımmüdafiəçisi Viktor Kovalenko A Seriyasında özünə yeni iş yeri tapıb.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu bundan sonra İtaliyanın digər klubu “Empoli”nin uğurları üçün çalışacaq.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilə bu mövsümün sonuna – 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Viktor Kovalenko 2024-cü ilin yayında “Atalanta”dan azad agent kimi ayrılandan bəri işsiz idi. Onun sonuncu komandası da elə ötən mövsüm icarədə olduğu “Empoli” olub. Sözügedən klub onu 2023-cü ilin avqustunda bir mövsümlük icarəyə götürmüşdü. Kovalenko ötən mövsüm bu komandanın heyətində 17 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Kovalenko “Atalanta”ya 2021-ci ilin fevralında Donetsk “Şaxtyor”undan 600 min avro qarşılığında keçmişdi. Lakin o, A Seriyası təmsilçisində cəmi 1 oyuna çıxıb. Yarımmüdafiəçi əvvəlki mövsümlərdə İtaliyanın digər klubu “Spetsiya”da da icarədə olub.
Karyerasının böyük hissəsini yetirməsi olduğu “Şaxtyor”da keçirmiş futbolçu Ukrayna millisində də 33 oyuna çıxıb. O, bu görüşlərdə cəmi 1 assist müəllifi ola bilib. Kovalenkonun futboldakı bütün uğurları da “Şaxtyor”la bağlıdır. Yarımmüdafiəçi Donetsk klubu ilə 4 dəfə Ukrayna çempionu olub, 4 dəfə ölkə kubokunu, 2 dəfə də super kubok qazanıb. Kovalenko Ukraynanın U-20 yığmasının heyətində iştirakçısı olduğu AÇ-2015-in bombardiri (5 qolla) olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.