Magistraturaya qəbul imtahanına sayılı günlər qalıb. Bundan əvvəl magistraturaya qəbul formatında sınaq imtahanı da keçirilmişdi, lakin imtahanda iştirak edən 600-ə qədər namizəd arasında maksimum bal toplayan olmamışdı.
Bəs görəsən, sınaq imtahanının nəticəsi qəbulda da özünü göstərə bilərmi?
Təhsil eksperti Adil Vəliyev AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında bildirdi ki, sınaq imtahanında maksimum nəticənin olmaması qəbulda da eyni nəticəylə rastlaşacağımız anlamına gəlmir:
“Magistraturaya qəbul formatında təşkil olunan sınaq imtahanlarında iştirakçıların sayı az olur. Buna görə də onların sınaqdakı göstəriciləri bəzən həqiqəti əks etdirə bilmir.
İmtahan üçün qeydiyyatdan keçən bakalavrlardan çox az qismi sınaqlara qatılır. Ona görə də sınaq imtahanında maksimum – 100 balın toplanılmaması magistraturaya qəbul imtahanında 100 balın olub-olmamasını müəyyənləşdirə bilməz.
Əgər bakalavrlar imtahana yaxşı hazırlaşarlarsa, əvvəlki illərdəki kimi bir yox, bir neçə nəfər ən yüksək balı toplaya bilər.
Abituriyentlərin qəbul imtahanları iki mərhələdən – buraxılış və blokdan ibarətdir. Buraxılış imtahanında maksimum – 300 balı toplayanlara və imtahan gedişatına nəzarət edəndə təxminən ən yüksək bal toplayanların neçə nəfər olacağını müəyyənləşdirmək olur, amma magistratura imtahanında eyni fikri demək olmur. Çünki bakalavr məzunlarının bir çoxunun işlədiyini, sınaqlarda iştirak etmədiyinə şahid oluruq. Düşünürəm ki, I cəhd magistratura imtahanından sonra son vəziyyəti öyrənə biləcəyik”.