AZ

Oqnen Mimoviç “Zenit”ə keçdi - “Fənərbağça”da debüt etmədən

Türkiyənin “Fənərbağça” klubunun yeni transfer etdiyi sağ cinah müdafiəçisi Oqnen Mimoviç bu mövsümü “Zenit”də keçirəcək.

Arena.az xəbər verir ki, bu barədə Rusiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Sankt Peterburq təmsilçisi 20 yaşlı serbiyalı futbolçunu cari mövsümün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb. Bu isə o deməkdir ki, mövsüm bitən kimi Miimoviç “Fənərbağça”ya qayıdacaq.

Xatırladaq ki, “Fənərbağça” Oqnen Mimoviçi bir neçə gün öncə Serbiyanın “Srvena Zvezda” klubundan 6,7 milyon avro müqabilində transfer etmişdi. Serbiyalı futbolçu ilə Türkiyə klubu arasındakı müqavilənin müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub.

Oqnen Mimoviç futbola “Metalak”da başlayıb. 2021-ci ildən “Srvena Zvezda”da olan müdafiəçi 2023/2024 mövsümünü icarə əsasında “OFK Belqrad”da keçirib. O, “Srvena Zvezda”nın əsas komandasının heyətində 34 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Serbiyanın U-18 və U-19 yığmalarında da oynamış Mimoviç 2024-cü ilin martından U-21-də çıxış edir.

“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

“Fənərbağça”nın gənc futbolçusu Kaan Akyazı isə “Konyaspor”a keçib. 19 yaşlı sol vinger Konya klubu ilə 3,5 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.

“Qalatasaray”ın futbol akademiyasından da keçmiş Kaan Akyazı 2019-cu ildən “Fənərbağça”nın sıralarında idi. Gənc futbolçuya İstanbul klubunun əsas komandasında debüt qismət olmayıb. Əvəzində o, ötən ildən Türkiyənin U-19 millisinə dəvət alır.

Seçilən
20
arena.az

1Mənbələr