Belarusda ABŞ prezidenti Donald Trampın administrasiyasının səyləri nəticəsində bir ABŞ vətəndaşının və daha iki məhbusun həbsdən azad edilməsinə nail olunub.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ-ın Litvadakı səfiri Kara Makdonald CNN telekanalında açıqlama verib.
Diplomat azad edilən amerikalının adını açıqlamayıb və bunu “böyük uğur” adlandırıb.
Öz növbəsində ABŞ Dövlət Departamentinin Şərqi Avropa üzrə məsul diplomatı Kris Smit bildirib ki, keçmiş məhbuslar Litvaya aparılıb. "Bütün amerikalılar azad olunana qədər işimizi davam etdirəcəyik" deyə Smit vurğulayıb.
Azadlıq Radiosunun məlumatına görə, amerikalı ilə birlikdə radionun Belarus xidmətinin jurnalistlərindən biri Andrey Kuzneçik və aktivist, çoxuşaqlı qadın Yelena Mövşuk da azad edilib.
CNN-in məlumatına görə, bu məhbusların azadlığa buraxılması Belarus hökmdarı Aleksandr Lukaşenkonun 2025-ci ilin yanvarında Belarusda keçirilən mübahisəli prezident seçkilərindən sonra ABŞ prezidenti Donald Trampın rəğbətini qazanmaq istəyi ilə bağlı ola bilər.