Rusiyadan Çinə neft tədarükü dekabrda 9% azalıb.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə OPEK-in fevral hesabatının məlumatlarında deyilir.

Sənəddə qeyd olunur ki, Çinin ümumi neft idxalında Rusiya neftinin payı dekabrda 2024-cü ilin noyabr ayındakı 22%-dən 18%-ə düşüb.

“Rusiyadan neft axını əvvəlki ayla müqayisədə 9% azalıb”, – hesabatda bildirilir.

Çin neft idxalı bazarında ikinci yeri ümumi həcmin 14%-i ilə Səudiyyə Ərəbistanı tutur, Malayziya da Çinə eyni həcmdə neft tədarük edir.

“Reuters” agentliyi yazır ki, ABŞ Prezidenti Co Bayden administrasiyasının tətbiq etdiyi son sanksiyaların ixracı çətinləşdirməsi səbəbindən Rusiya neft hasilatını azaltmalı ola bilər.

Bundan əvvəl TASS ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatına istinadən bildirib ki, Rusiya energetikasına qarşı ABŞ-ın son sanksiyaları Rusiyanın neft hasilatı proqnozunu yalnız cüzi azaldacaq.