Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Zeynal Əmrəliyev deyib. O qeyd edib ki, ABŞ-də güclü erməni diasporu formalaşıb və istər Tramp, istərsə də Harris onların səsini qazanmaq üçün belə mövqelər sərgiləmişdi:
"2016-2020-ci illərdə, Trampın birinci prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri kifayət qədər yüksək səviyyədə idi. Onun ikinci prezidentlik dönəmində də bu əlaqələrin inkişaf edəcəyinə dair ümidlər var. 2020-2024-cü illər isə, əksinə, itirilmiş dövr kimi qiymətləndirilir. Çünki Bayden administrasiyası Azərbaycana qarşı kifayət qədər qərəzli mövqe sərgilədi. Xüsusilə də dövlət katibi Entoni Blinkenin Azərbaycanla münasibətlərdə sərgilədiyi münasibət bunu açıq şəkildə göstərdi.
Nəzərə almaq lazımdır ki, Bayden hakimiyyətə gələndə artıq postmüharibə dövrü başlamışdı. Məhz həmin dövrdən etibarən Blinken və administrasiyanın digər üzvləri Azərbaycana qarşı açıq-aşkar qərəzli siyasət yürütməyə başladılar. Lakin Trampın yenidən hakimiyyətə qayıtması bu mövqeyi dəyişə bilər. Bunun üçün kifayət qədər əlverişli fürsətlər var".
Ekspert Azərbaycanın Cənubi Qafqazın açar ölkəsi olduğunu və həm Şərq-Qərb ticarət yolunun qovşağında yerləşdiyini vurğulayır. Azərbaycan həm də ciddi enerji resurslarına malikdir. Tramp siyasətində ticari maraqlara böyük önəm verən bir liderdir və bu amil ABŞ-nin Azərbaycanla münasibətlərinin inkişafına müsbət təsir edə bilər:
"Bundan əlavə, Tramp əvvəllər də Azərbaycana münasibətdə kifayət qədər pozitiv açıqlamalar verib. Rəsmi Bakı Vaşinqtondan yenidən müsbət mesajlar gözləyir. Qarşıdakı dövrdə, ehtimal ki, ABŞ-nin yeni administrasiyasının Cənubi Qafqazla bağlı daha konkret mövqe sərgilədiyini görəcəyik".
Qiymət Mahir