Fələstinin radikal HƏMAS hərəkatı Misir vasitəçiləri ilə Qəzza zolağında İsraillə atəşkəs razılaşmalarına hörmətlə yanaşmaq və girovlarla bağlı razılaşmanı bərpa etmək barədə razılığa gəlib...
Poliqon bu barədə The Jerusalem Post-a istinadən xəbər verir.
Qəzetin Əl-Ərəbi Əl-Cədid xəbər agentliyinin (Böyük Britaniya) Misir mənbələrinə istinadən verdiyi məlumata görə, HƏMAS və İsrail arasında humanitar yardım və yanacaq tədarükü müqabilində saziş orijinal formada qalacaq. Təchizatların cümə axşamı Qəzzaya çatdırılması planlaşdırılır, bundan sonra HƏMAS şənbə günü azad ediləcək üç girovun adlarını açıqlayacaq.
Fevralın 10-da HƏMAS-ın hərbi qanadının sözçüsü Əbu Ubaida fevralın 15-nə planlaşdırılan yeni girov qrupunun azad edilməsinin təxirə salındığını bildirib. Onun sözlərinə görə, İsrail anklavın cənubundan şimala köçkünlərin qayıtmasını ləngitməklə, qəzzalılara atəş açaraq və tam humanitar yardımı çatdırmamaqla razılaşmanı pozub.
Fevralın 11-də İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, Qəzzada intensiv döyüşlərin bərpa ediləcəyi ilə hədələyib.
Bundan əvvəl, yanvarın 15-də Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bəyan etmişdi ki, İsrail və HƏMAS Doha, Qahirə və Vaşinqtonun vasitəçiliyi ilə Qəzzada saxlanılan girovları azad etmək və atəşkəs tətbiq etmək barədə razılığa gəliblər. Üç mərhələdən ibarət olan saziş yanvarın 19-dan qüvvəyə minib. Onun şərtlərinə görə, HƏMAS 42 gün ərzində ən azı 33 israilli girovu İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların əvəzində azad etməlidir.
Sonuncu mübadilə fevralın 8-də, biri də Almaniya vətəndaşlığı olan üç israilli Qəzzadan azad edildikdə baş verib. İsrail buna cavab olaraq 180-dən çox fələstinli məhbusu azad edib.
Poliqon.info