Yunanıstanın “Panatinaikos” klubunun sloveniyalı hücumçusu Andraj Şporar bundan sonra “Alanyaspor”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Super Liqa təmsilçisi bu transferi 750 min avroya rəsmiləşdirib. 30 yaşlı futbolçu ilə 2,5 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Andraj Şporar peşəkar karyerasına ölkəsinin “İnterblok” klubunda başlayıb. “Olimpiya” (Lyublyana), “Bazel”, “Arminiya” (Bilefeld), “Slovan” (Bratislava), “Sportinq” (Lissabon), “Braqa”, “Midlsbro” kimi klublarda da çıxış etmiş təcrübəli forvard 2022-ci ildən “Panatinaikos”da forma geyinirdi. O, Yunanıstan klubunun heyətində 89 oyuna 28 qol vurub, 9 məhsuldar ötürmə verib.
Sloveniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Şporar 2016-cı ilin noyabrında debüt etdiyi əsas millidə 61 oyuna 12 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
“Alanyaspor” Almaniyanın “Duysburq” klubunun 19 yaşlı sağ cinah müdafiəçisi Batuhan Yavuzu, həmçinin “Pendikspor”un 20 yaşlı mərkəz müdafiəçisi Umut Mert Toy ilə 23 yaşlı mərkəz yarımmüdafiəçisi Enes Keskini də heyətinə qatıb. Bu üç oyunçunun transferi ilə bağlı maddi detallar açıqlanmasa da, onların hər biri ilə 4,5 illik müqavilənin imzalandığı diqqətə çatdırılıb. Digər iki futbolçudan fərqli olaraq, Batuhan Yavuz Türkiyənin U-17, U-18 və U-19 yığmalarında çıxış edib, hazırda isə 20-yə dəvət alır.
Xatırladaq ki, “Alanyaspor” bu transferlərlə yanaşı, daha öncə “Panatinaikos”dan mərkəz yarımmüdafiəçi Tonni Vilyenanı icarəyə götürdüyünü də açıqlamışdı.
Klub bu qış fasiləsində heyətinə qatdığı oyunçular üçün təqdimat mərasimi də təşkil edib. Mərasimdə futbolçuların yeni klublarında geyinəcəkləri forma nömrələri də açıqlanıb.