AZ

"Şagirdlər ədəbiyyata biganədir, Nizami, Füzuli kimi söz ustadlarını tanımırlar"

“Şagirdlər ədəbiyyata biganə yanaşır, nəticədə Nizami, Füzuli kimi söz ustadlarımızı tanımırlar”.

 

Bu sözləri AzEdu.az-a Azərbaycan dili və ədəbiyyat müəllimi, "Örnək müəllim" Nərmin Məmmədova deyib.

154867

Həmsöhbətimiz qeyd edib ki, müasir şagirdlərin diqqətini günümüzdə bədii ədəbiyyata cəlb etmək çox çətindir:

 

“Demək olar ki, məşhur klassik əsərlərə ədəbiyyat dərslərində yer verilmir. Təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının incilərindən də şagirdlər xəbərsizdirlər. Ancaq imtahana düşəcək mövzular şagirdlərin diqqətini cəlb edir. Aşağı siniflərdəki mövzular da əsasən oxuyub anlamağa yönəlir, seçilən əsərlər isə çox vaxt qənaətbəxş olmur. Hətta şagirdlər bədii ədəbiyyat oxumağa belə biganə yanaşır. Baxmayaraq ki, beyin inkişaf etdirən əsas vasitələrdən biri məhz bədii ədəbiyyatdır.

 

Məsələn, əsas mövzular 10-11-ci siniflərdə keçirildiyindən, şagirdlər öz ixtisas qruplarına uyğun olduğu təqdirdə ədəbiyyata meyl edirlər. Əgər ədəbiyyat dərsi yoxdursa, gözəllik, vətənpərvərlik, əxlaq və sevgi kimi mövzulara biganə yanaşırlar. Nəticədə, Nizami, Füzuli kimi böyük söz ustadlarımızı tanımırlar. Ədəbiyyat dövrün əsl yansımasıdır, tarix bütün gedişatını məhz ədəbiyyatda əks etdirir və şagirdlər bu yansımalardan da məhrum olurlar".

 

Müsahibimiz həmçinin qeyd edib ki, bədii ədəbiyyata biganəlik ilk növbədə ailədən gəlir:

 

“Çox vaxt valideynlər bədii ədəbiyyatı uşağın beynini yormaq kimi qiymətləndirirlər. Müasir şagirdin diqqətini bədii ədəbiyyata cəlb etmək çox çətindir. Ancaq mən öz şagirdlərim üçün bunun həll yolunu tapmışam. Tətil dövrlərində onlara bədii ədəbiyyat siyahısı hazırlayıb, tətil bitdikdən sonra oxuduqları əsərləri müəyyənləşdirmək üçün yarışmalar təşkil edirəm. Bu, onların diqqətini cəlb edir.

 

Eyni zamanda, hər sinfin yaş qrupuna uyğun hazırladığım bədii əsərlər əsasında çəkilən filmlərin siyahısını təqdim edirəm. Beləliklə, şagirdlərin tətillərini səmərəli keçirmələrinə çalışıram. Düşünürəm ki, bu əsərləri heç oxumamış olsalar da, ən azından çəkilən filmlər əsasında məlumatlı olmaları daha yaxşıdır".

Seçilən
7
1
azedu.az

2Mənbələr